Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılmasından apellyasiya şikayəti verilib

tərəfindən Gozetci

İnsan hüquqları fəalı Bəxtiyar Hacıyev barəsində həbs-qətimkan tədbirinin uzadılması barədə Xətai Rayon Məhkəməsinin qərarından aprelin 25-də apellyasiya şikayəti verilib. Bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.

Aprelin 20-də Bakı şəhəri Xətai Rayon Məhkəməsi müstəntiqin vəsatəti əsasında Hacıyevin həbs müddətinin daha iki ay (iyunun 28-dək) uzadılması barədə qərar qəbul edib.

Vəkilin sözlərinə görə, müstəntiq həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatətini fəalın azadlıqda olduğu müddətdə qaçıb gizlənmə və ya şahidlərə təsir etmə ehtimalının olması ilə əsaslandırıb.

Bundan əlavə, vəkil bildirib ki, məhkəməyə gətirilən Bəxtiyar Hacıyev həbs müddətinin uzadılmasına etiraz edib.

O, həmçinin məhkəmədə ictimai fəalın ölkə rəhbərliyinə və Daxili İşlər Nazirliyinə həbsdən azad edilməsinə kömək etmələri üçün müraciət etdiyini vurğulayıb.

* Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Həmin gün Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 sutka həbs qərarı çıxarıb. Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha bir ay, fevralın 23-də isə daha 2 ay – aprelin 28-nə qədər uzadıb. Hacıyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi və ya məhkəmə başlayana qədər zaminə buraxılması ilə bağlı vəkillərin çoxsaylı vəsatətləri məhkəmələr tərəfindən təmin edilməyib.

Fevralın 28-də – aclıq aksiyasının 51-ci günündə Hacıyev aclığı dayandırıb.

ABŞ Dövlət Departamenti, ABŞ Senatı, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Hacıyevin həbsdən azad olunmasını tələb edib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az