2017-ci ilin mayında – Tərtər hadisələri zamanı sorğu-sual edərkən 100-dən çox hərbçiyə işgəncə verməkdə, 7 nəfərin ölümünə səbəb olmaqda ittiham edilənlərdən üçünün işinə Gəncə Apelyasiya Məhkəməsində yenidən baxılıb. Çünki Ali Məhkəmə həmin üç nəfərin – hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, mayor Fuad Ağayev, baş gizir Qurban Cümşüdov və kiçik gizir Cavid Ağadadaşovun işi üzrə qərarı ləğv edərək, yenidən baxılması üçün bu məhkəməyə göndərmişdi. Aylardır ki, işə Gəncə Apelyasiya Məhkəməsində baxılırdı.
Çingiz Məmmədovun sədrliyilə çıxarılan yeni qərara əsasən, işgəncə verməkdə təqsirləndirilən Qurban Cümşüdov və Cavid Ağadadaşovun cəzası artırılaraq, 5 il 3 aydan 6 ilə qaldırılıb. Gəncə Apelyasiya Məhkəməsi bundan əvvəl işə baxanda bu iki nəfərə münasibətdə Cinayət Məcəlləsinin 62-ci maddəsini təyin etmişdi. Bu maddədə isə qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza verilməsindən bəhs olunur. Bu maddəni tətbiq etməklə, onlara 5 il 3 ay cəza kəsilmişdi.
Üçüncü təqsirləndirilən Fuad Ağayevin cəzası isə olduğu kimi – 10 il saxlanılıb.
Məhkəmədə təqsirləndirilən şəxslər ittihamla qismən razılaşıblar. Zərərçəkmiş kimi adı keçən şəxslərdən bəzilərinə, o cümlədən bu hadisələr zamanı ölən polkovnik Saleh Qafarova işgəncə verdiklərini etiraf ediblər. Onu da vurğulayıblar ki, həmin vaxt korpus komandiri olan general-mayor Hikmət Həsənovun tapşırığını yerinə yetiriblər.
Tərtər hadisələrində ən çox adı hallananlardan biri Hikmət Həsənov 2014-cü ilin dekabrından 1-ci korpusun komandiri olub. 2021-ci ilin avqustunda korpus komandiri vəzifəsindən azad edilərək, Hərbi Akademiyanın rəis müavini təyin olunub.
Tərtər hadisələri zamanı ölən hərbçilərin hüquqi varisləri bu qərarla razılaşmır. Onlardan birinin vəkili Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, yenidən Ali Məhkəməyə kassasiya şikayəti veriləcək: “Hələ qərarı almamışıq. Alandan sonra Ali Məhkəməyə şikayət verəcəyik. Çünki bu cəzanı adekvat hesab etmirik”.
Dekabr ayında prokurorluq Tərtər hadisələrilə bağlı icraatı təzələyənə qədər işgəncə verməyə görə ümumilikdə 5 cinayət işi üzrə 19 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlar Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə ölümə səbəb olduqda) və bir neçə başqa maddəsilə təqsirli biliniblər. Lakin əksəriyyətinə 5-6 il cəza kəsilib.
İşgəncə verməkdə ittiham olunan şəxslər heç onlara kəsilmiş 5-6 illik cəzaları da çəkməyiblər. Onların bir çoxu cəzanın yarısını çəkmədən azadlığa buraxılıb. Hətta prezidentin müvafiq sərəncamlarıyla mükafatlandırılıblar. Məsələn, leytenant Ruslan Mikayılov prezidentin 18 dekabr 2020-ci il tarixli sərəncamıyla “Döyüşdə fərqlənməyə görə”, gizirlər Polad Əzizov, və Sənan Maşıyev 29 dekabr 2020-ci il tarixli sərəncamla “Ağdamın azad edilməsinə görə” medallarıyla təltif olunub.
Hərbçilərə işgəncə verməkdə ittiham olunanların bir çoxu ifadələrində bu əməllərindən peşman olmadıqlarını bildirib.
“Heç nəyə görə peşman deyiləm. Dövlət üçün həm ölmək, həm öldürmək, həm də zindanda çürümək var. Biz dövlətimiz üçün lazım olanı etmişik”, – Sənan Maşıyev məhkəməsində belə demişdi.
Zərərçəkmiş şəxslər, eləcə də işgəncə nəticəsində ölənlərin ailə üzvləri hesab edir ki, baş vermiş qanunsuzluqlar sadəcə, aşağı rütbəli hərbçilərlə məhdudlaşmır. Onların fikrincə, bu işin arxasında yüksək rütbəlilər, hətta generallar dayanır. Ona görə də illərdir bu məsələnin üstü ört-basdır edilir.
Meydan TV