“Göstəriş verdilər ki, qarşınıza çıxana aman vermədən “dubinkayla” vurun, beyni tökülsün yerə”

tərəfindən Gozetci

Bənəniyar hadisələrinin qurbanları və şahidləri 13 il sonra yaşadıqları barədə danışır 

“İşıqlar söndü, çöldə səs-küy var idi. Telefona əlimi atdım, kəsilmişdi. Polislər, üzümaskalılar, əllərində  “dubinkayla” içəri girdilər. Qaynanamı zorla, sürüyə-sürüyə apardılar. Qoca qaynatamı həyətdə neçə dəfə döydülər…”

Bənəniyar faciəsinin şahidi Tərnurə Əliyevə bunları söyləyir.

Bənəniyar Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən kənddir. 

2010-cu il yanvarın 5-də Naxçıvandakı yerli hakimiyyət Culfa rayon Bənəniyar kəndinə silahlı qoşun yeritmiş, dinc sakinləri döyüb, kütləvi həbs etmişdi. Həbs olunanlar həbsxanada işgəncə gördüklərini iddia edirdilər.

O vaxt jurnalistlərin, hüquq müdafiəçilərinin kəndə buraxılmadığı, 13 il keçməsinə baxmayaraq rəsmi qurumların bu məsələni hələ də araşdırmadığı üçün sadəcə sakinlərin dediklərinə istinad etməli oluruq.

Bənəniyar hadisələrinə qədərki Naxçıvan barədə

1995-ci ildən 2022-ci ilədək Naxçıvan Ali Məclisinin sədri vəzifəsini Vasif Talıbov yerinə yetirib. Bu vaxt  Ali Məclisinin sədri muxtar respublikanın ali vəzifəli şəxsi idi.

Azərbaycanın eks-prezidenti Heydər Əliyev o vaxt – 1991-ci ildə Naxçıvan Parlamentinin sədri seçiləndən sonra Talıbovu özünə əsas köməkçi kimi işə götürüb. Bu iki şəxs arasında həm də qohumluq əlaqələri var idi – Heydər Əliyev Vasif Talıbovun həyat yoldaşı Sevil Sultanovanın anasının dayısı idi. 

1995-ci ilin dekabrından, 27 il ərzində  Naxçıvan Ali Məclisinin sədri vəzifəsinə keçən Talıbovun dövrü heç də xoş hadisələrlə yadda qalmayıb.

 “Azərbaycanın Şimali Koreyası”, “Azərbaycanın Qara Adası”, “Talbovun xanlığı”- Vasif Talıbovun hakimiyyəti dövründə Naxçıvan belə təxəllüslər qazanıb.

İddialar var ki, onun hakimiyyəti dövründə həbs edilənlər döyülüb və müxtəlif işgəncələrə məruz qalıblar. Dissidentlər məcburən psixoloji xəstəxanalara yerləşdiriliblər. O, hakimiyyətini həmçinin müstəqil medianı susdurmaq üçün də istifadə edib. Talıbovun hakimiyyətini tənqid edən jurnalistlər, fəallar təzyiqə, həbsə, digər ölkələrə köçməyə məruz və məcbur qalıblar.

Vasif Talıbov. Meydan TV-nin illüstrasiyası

Naxçıvanın sınmayan son qalası 

Naxçıvanlı jurnalist Yafəz Həsənov söyləyir ki, 2008-ci ildən bəri yerli hakimiyyət Muxtar Respublika ərazisindəki bütün çayxanaların, dükanların, kiçikli- böyüklük bütün ticarət mərkəzlərinin sökülməsinə qərar vermişdi. Hətta küçədə adamlar üç-üç, beş-beş gəzə bilməzdilər. Bu, narazı insanların bir yerə toplaşmasının qarşısını almaq, insanların gözünü qorxutmaq, həm də Naxçıvandakı biznesi tam olaraq yerli hakim ailə Talıbovların nəzarətinə keçirmək üçün idi.

“Baş verənlərə demək olar ki, heç kim etiraz etmək gücündə deyildi, bənəniyarlılardan başqa. Kənd sakinləri dirəniş göstərərək, obyektlərin sökülməsinə imkan vermirdi. O vaxtki hakimiyyət bunu özünə sığışdıra bilmirdi. Elə bil, Bənəniyar Naxçıvanın sınmayan son qalası idi ki, onu da belə sındırdılar”, – Yafəz Həsənov danışır.

2008-ci il dekabr ayında Bənəniyarda Aşura mərasimləri keçirilərkən polislə kənd sakinləri arasında qarşıdurma yaşanıb. Bir neçə bənəniyarlı saxlanılıb. Axı yerli hakimiyyət həmçinin bu cür kütləvi mərasimlərin keçirilməsinə də qadağa qoymuşdu.

Saxlanılanlar arasında Yunis Əliyevin də atası vardı. O deyir ki, atasına polis bölməsində nalayiq sözlər deyib, təhqir etmişdilər:

“Bölməyə getdim, gördüm, bir nəfəri döyüblər, xəstəxanaya aparırlar. Bizim kəndçilərin hamsını da ora düzüblər, içəridən söyüş səsləri gəlir. Hələ ondan əvvəl də bizim kənddə 80 yaşlı bir kişini ağzına “dubinka” soxmaqla döymüşdülər. Mən də polislərlə deyirdim ki, atam qoca kişidir, onu buraxın, məni tutun. Sonra gördüm ki, əlimin yetdiyi yer yoxdur, benzin alıb, özümü yandırdım. O həddə çatdırdılar məni”.

Elə o vaxt Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyi Bənəniyar hadisələrilə bağlı açıqlama verərkən Yunis Əliyevin özünü yandırması məsələsinə toxunmuşdu. Məlumatda bildirilirdi ki, Xalq Cəbhəsinin qanunsuz silahlı dəstəsinin üzvü olan Rza Nuriyevin başçılıq etdiyi bir qrup şəxs Yunis Əliyevin xəstə halından istifadə edərək onu orta ağır dərəcədə sərxoş vəziyyətə gətirib, qeyri-qanuni hərəkətlərə təşviq edib.

Elə bundan sonra da Bənəniyardakı əməliyyatlar zamanı xeyli sayda Xalq Cəbhəsi üzvü, eləcə də Rza Nuriyev həbs olunmuşdu. R.Nuriyev 18 gün saxlandıqdan sonra yanvarın 23-ü azadlığa buraxılmışdı. 1 ay sonra isə vəfat etmişdi.  Həkimlər Rza Nuriyevin ürək çatışmazlığından öldüyünü desə də, əqidədaşları və yaxın dostları ona həbsxanada ağır işgəncələr verildiyini iddia edirdilər.

Naxçıvanlı hüquq müdafiəçisi Elman Abbasov ölümündən bir neçə gün əvvəl Rza Nuriyevlə bir yerdə olduqlarını deyir:

“Çox xəstə idi, içəridə yaşadıqlarını özünə bağışlaya bilmirdi. Ciyərində problem yaranmışdı, israr etdik ki, xəstəxanaya getsin, amma həyatdan çox küskün idi, müalicədən imtina etdi. Onun başına çox çirkin oyunlar açmışdılar. Rza Nuriyev rayonun sayılıb-seçilən ağsaqqallarından biri, həm də müəllim idi. O, təcridxanada olarkən tutulanlardan çoxu Rza müəllimin tələbəsi idi. Əhməd Əhmədov onun tələbələrinə demişdi ki, Rza müəllimi kim vursa, kim onun üzünə tüpürsə, onu azad edəcəyik. Qalanları isə həbsə gedəcək. Yalnız bircə nəfər onun üzünə şillə vurmuşdu”. 

Yeri gəlmişkən, Yunis Əliyev Nümayəndəliyin açıqlamasını qətiyyətlə rədd edir. Məhərrəmlik ayında əsla içki içmədiyini, sadəcə Xalq Cəbhəsi üzvlərini həbs etmək üçün bu bəhanədən istifadə edildiyini söyləyir. 

“Mən qalib gəldim, mən sizi sındırdım”

Elə basqında iştirak etmiş polis zabitlərindən biri “Gündəlik Naxçıvan”a müsahibəsində təsdiqləyir ki, kəndə hücum çoxdan planlaşdırılmışdı, Aşura qarşıdurması sadəcə bəhanə idi:

“Əməliyyata şəxsən başçılıq edən Naxçıvanın o vaxtkı daxili işlər naziri Əhməd Əhmədov hücumdan bir neçə saat öncə kəndə getmişdi. Biz isə Bənəniyarın aşağısında, Saltaq kəndində hazır vəziyyətdə gözləyirdik. Əvvəlcədən iki qadın hazırlamışdılar ki, nazir kəndə gələnədə ona hücum edib, daşlasınlar. Bu da kəndə hücum etməyə bəhanə yaradacaqdı. Nazir kənddə çıxış edəndə, həmin iki qadın ona daş atdı. Ondan sonra bizi aşağıdan çağırdılar, biz də qalxdıq. Göstəriş verdilər ki, qarşınıza çıxana aman vermədən “dubinkayla” vurun, beyni tökülsün yerə. Nazir şəxsən “pistoletini” çıxarıb, başımızın üstə tutdu və dedi ki, uşaqlara belə rəhm edən polisi şəxsən özüm güllələyəcəm”.

Keçmiş polis zabiti deyir ki, axtarış qruplarına siyahı verilmişdi, onlara deyilmişdi ki, siyahıda adı olanlar İran agentləridir. O, qarşılaşdığı bir hadisəni heç vaxt unutmayacağını söyləyir.

“Biz bir həyətin yanından keçəndə, nazir Əhmədov da orada idi. Mənə dedi ki, deyəsən, bu həyətdən səs gəlir, gedib yoxlayım. İçəri girib, baxdım ki, səs həyətdəki tualetdən gəlir. Qapını açanda gördüm ki, gənc bir ana 6-8 yaş aralığında 3 uşağını da yanına alıb, burada gizlənib. Bu ailənin də adı siyahıda idi. Ələ keçsələr, uşaq, böyük bilmədən vəhşicəsinə döyəcəkdilər. Qapı açılan kimi qorxu içindəki ana və uşaqlar yalvarıcı baxışlarını mənə zillədilər. Təsəvvür edə bilməzsiz o səhnəni. Onların baxışlarını heç vaxt unutmayacağam. Həmin an özümü güllələmək istəyirdim. Dedim ki, səsinizi çıxarmayın, qalın yerinizdə, nə olar, olar. Həyətdən çölə çıxıb nazirə dedim ki, heç kimi tapa bilmədim, deyəsən qaçıblar. Oradan uzaqlaşdıq. Bir neçə ay sonra bu məsələnin üstü açılanda, uşaqları və ananı qorumaq üçün yalan dediyimə görə, nazir Əhmədov şəxsən mənə işgəncə verdi, daha sonra işdən qovdu”.

Bənəniyar hadisələrinin əsas şahidlərindən biri Yunis Əliyevin həyat yoldaşı Tərnurə Əliyeva danışır ki, həmin gün Naxçıvanın daxili işlər naziri Əhməd Əhmədov özü şəxsən evlərə girirdi.

Əhməd Əhmədov. Meydan TV-nin illüstrasiyası

“Əhməd müəllim həyətimizə girdi, mənə dedi ki, Yunis ölüb. Elə deyəndə adam necə ola bilər? İndi də danışanda əlim-ayağım əsir. Uşaqlar ağlaşdılar, qonşular orda özlərini çırpdılar. Yadıma gəlir, o vaxt polis rəisi, indi Culfanın icra başçısı olan Siyam Hacıyev də bu hadisədən sonra bizim kənddən keçəndə elə baxdı ki, üzündəki ifadə deyirdi ki, mən qalib gəldim, mən sizi sındırdım”.

Özünü yandırmaq cəhdindən sonra Yunis Əliyev xəstəxanaya yerləşdirilir. Amma Yunusuz sözlərinə görə, xəstəxanaya onun yanına heç kimi, hətta ən yaxın qohumlarını belə buraxmırdılar. Bundan sonra ailəsinin təkidi ilə Yunis Əliyev İrana müalicəyə göndərilir. 

“Deyirdi, çağırın, Allahınız gəlsin, hürün, hürün, gəlsin, kömək olsun sizə”

Fikrət Yusifov və onun həyat yoldaşı Nəzdanə Əliyeva da Bənəniyar faciəsinin iştirakçılarındandırlar. Onlar Böyükdüz təcridxanasında yaşadıqları işgəncələrdən danışırlar. Əhməd Əhmədovun onlara şəxsən işgəncə verdiyini deyirlər.

“Ora həddən artıq soyuq idi, bir-birimizə qısılaraq isinməyə çalışırdıq. Səhərlər bizi çıxarırdılar, əllərimiz arxada, ayalarımız aralı, bizi hərbi əsirlər kimi düzüb gülürdülər. Hər gün səhər-axşam Əhməd Əhmədov gəlib, döyüb, söyüb, təhqir edirdi bizi”, – Fikrət Yusifov danışır.

“Qarın içində gətirib düzürdülər sıraya, saxlayırdılar, hər yan sel-su idi. Hamı ayaqyalın, nə başımızda yaylıq, nə ayağımızda başmaq qalmışdı. Səhərə qədər oyaq qalırdıq, deyirdik, Allah, bu, nə iş idi, düşdük, bu, nə qazavü-qədər idi, bizim başımıza gəldi. Mən, düzü, arxada durmuşdum, mənə dəyməmişdi. Ancaq məndən qabaqda düzülənlərin boğazından tutub dartırdı. Deyirdi, çağırın, Allahınız gəlsin, hürün, hürün, gəlsin, kömək olsun sizə”, – Nazdanə Əliyeva da o günləri belə xatırlayır. 

Jurnalist Yafəz Həsənovun sözlərinə görə, Naxçıvanın keçmiş daxili işlər naziri indi həbsdədir, amma etdiyi cinayətlərə görə yox, Vasif Talıbova xəyanət etdiyinə görə həbs olunub. 

Şahidlər deyir, o vaxt Bənəniyar hadisələrinin ictimailəşdirilməsinin qarşısı alınmış, kənddən informasiya çıxışı tamamilə məhdudlaşdırılmışdı.

Hüquq müdafiəçisi Elman Abbasov danışır ki, onların Bənəniyara gedəcəklərindən xəbər tutan polis və təhlükəsizlik xidməti onlara xəbərdarlıq edibmiş:

“Hətta mesaj gəldi ki, kəndə getsək, maşınımızı vuracaqlar”.

Hüquq müdafiəçisi deyir, beynəlxalq təşkilatlar da işə qarışmışdılar.

“Bir neçə gün sonra Amerika və Norveç səfirliyindən nümayəndələr ora getmək istədilər. Kənddə xüsusi adamlar gətirmişdilər, el dilində desək, “işverənlər”.  Onlar xarici qonaqlara hücum etmiş, maşınlarını daşlamışdılar. Səfirlik nümayəndələri də çox qorxmuşdular. Kəndə girə bilməyib, geri qayıtmışdılar”.

Meydan TV-nin illüstrasiyası

Ədalət öz yerini titacaqmı?

Nəhayət, 2022-ci ilin dekabrında Vasif Talıbov Ali Məclisin sədri vəzifəsindən istefa verib. O, istefasını səhhəti ilə əlaqələndirib.

Talıbovun istefası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvanda apardığı yoxlamalardan sonraya təsadüf edib. Yoxlamalar nəticəsində Naxçıvanda yüksək vəzifə tutmuş şəxslər dövlət vəsaitini mənimsəməkdə günahlandırılıb, həbs ediliblər.

Bundan sonra Azərbaycan Prezidentinin Naxçıvanda xüsusi nümayəndəliyi təsis olunub. Bu vəzifə əslən Naxçıvandan olan Fuad Nəcəfliyə tapşırılıb.

Mediada yayılan məlumatlara görə, Naxçıvanda struktur dəyişiklikləri hələ də davam edir. Ayrı-ayrı vaxtlarda Naxçıvanda yüksək vəzifə sahiblərinin vəzifədən azad olunduqlarıyla bağlı xəbərlər yayılır

Naxçıvanda hakimiyyət dəyişikləri insanların içərisində ümid yaradıb ki, Bənəniyar hadisələri araşdırılacaq, haqq yerini tapacaq.

Hüquqşünas Əsabəli Mustafayevin sözlərinə görə, Bənəniyar hadisələri kütləvi olduğu, bir nəfərin ölümü ilə nəticələndiyi, eləcə də hakimiyyətdə təmsil olunan şəxslər tərəfindən həyata keçirildiyi üçün mütləq araşdırılmalıdır və burda heç bir iddia müddəti tətbiq edilə bilməz.

Ə.Mustafayevin sözlərinə görə, yerli hüquq-mühafizə orqanları məsələni araşdırmasa, Avropa Məhkəməsinə də müraciət etmək mümkündür. O, Naxçıvan Milli Təhlükəsizlik Nazirliyində ölən Turac Zeynalov misalına diqqət çəkir.

“Milli Təhlükəsizlik Nazirliyi Turac Zeynalovu həbs etmişdi, 2 gün sonra o həlak olmuşdu, elə MTN-nin binasında. Mən onun yoldaşına vəkillik edirdim. Yoldaşını qorxutdular, o imtina etdi, mən atasına vəkillik etməyə başladım. Biz işi Avropa Məhkəməsinə göndərdik və işgəncə nəticəsində ölüm faktını tanıdı. Avropa Məhkəməsi onun ölümündə, ona işgəncə verilməsində hökuməti təqsirli bildi və tələb etdi ki, məsələ yenidən araşdırılsın. Lakin kompensasiya ödənilsə də, araşdırma aparılmadı”.

Hüquqşünas deyir, hakimiyyət özü bu məsələnin araşdırılmasında maraqlı olmalıdır:

“Çünki bu məqamda özünə qarşı olan nifrəti götürüb konkret şəxslərə – Vasif Talıbova, Əhməd Əhmədova yönəldə bilər”.

Jurnalist Yafəz Həsənov isə fərqli düşünür. Deyir, mərkəzi hakimiyyət də bu cinayətə şərikdir.

“Əgər Vasif Talıbov bu işi mərkəzi hakimiyyətdən xəbərsiz edibsə, buna reaksiya vermək olardı. Mərkəzi hakimiyyət isə bu faciəyə ən yaxşı halda göz yumub”.  

Artıq zərərçəkənlərdən bəziləri Naxçıvanın yeni təyin olunmuş daxili işlər naziri Süleyman Nemətova müraciət ediblər. Nazir vəd verib ki, baş verən hadisələr tezliklə hüquqi qiymətini alacaq. 

“Mediaşəbəkə”nin dəstəyi ilə

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az