Fermer: “Bələdiyyə sədri mənə satdığı ərazini oğlunun adına sənədləşdirib”

tərəfindən Gozetci

Kənd sakinləri örüş sahələrinin satıldığını deyir

Sabirabadın Məmişlər kəndində tövlə tikdirən Səxavət Əhməd oğlu Bədəlov 8 ildir ərazini sənədləşdirə bilmədiyini deyir.

“2015-ci ildə bələdiyyəyə 35 min manat ödəyərək ərazi almışam və 3500 kvadrat ərazidə 900 baş heyvan üçün tövlə tikdirmişəm. Həmin vaxtdan indiyədək ərazinin sənədlərini ala bilmirəm. Nə vaxt sənəd tələb etsəm, tövlənin sökdürüləcəyi ilə hədələnirəm”, – kənd sakini Meydan TV-yə şikayətlənir.

Səxavət Bədəlovun sözlərinə görə, Məmişlər kəndində 70 iribuynuzlu heyvanı, 200 qoyunu var. Ərazini keçmiş bələdiyyə sədri Nazirağa Quliyev işlədiyi dövrdə alıb, tövlənin tikintisinə 200 min manat xərləyib:

“Sonradan bildim ki, sənədləri öz oğlu Rövşən Quliyevin adına rəsmiləşdirib. İndi deyirlər ki, guya ərazini mənə icarəyə veriblər. Kim icarəyə götürdüyü yerə 200 min manat xərləyər? Əlaqədar qurumlardan köməklik göstərilməsini istəyirəm”.

Şikayətçi söyləyib ki, sənədləşdirmə məqsədilə bir il ərzində 35 min manat ödəyib, bundan başqa, 7 min manat da əlavə xərclər üçün verib. Ərazidə tikinti işləri aparıb, amma sənədlər hazır olmadığından yarımçıq saxlayıb və heyvanları tövlədən çıxarıb.

“Ot doğrayan avadanlığım, traktorlarım, əkin üçün avadanlıqlarım vardı. Ukraynada işləyirdim, pandemiya başladı, get-gəl çətinləşdi. Kəndə geri dönəndə 40 min manatlıq avadanlığımn satıldığını bildim. Qoyunlarımı aparmışdılar, polisə şikayətdən sonra 3 qoyun əskik olmaqla qaytardılar”,-S.Bədəlov bildirib.

Məmişlər kəndi

Şikayətçi deyir ki, hüquq-mühafizə orqanlarına müraciət edib:

 “Kəndin stadionunu, köhnə tikililəri də satılıb. Şikayətimizə baxılmır, məhkəməyə də müraciət edəcəm”.

Digər kənd sakinləri də Meydan TV-yə müraciət edərək örüş torpaqlarının satıldığını deyiblər:

Kanal qazıblar, amma mühasirəyə alıblar, kəndlilər istifadə edə bilmirlər. Kənd sakinləri adama 2-3 manatdan yığdıq, yol saldırdıq, onu da gəlib qazıblar ki, heyvanlar keçib gedə bilməsin. Örüş sahələrindən istifadə edə bilmirik”.

Kəndlilər deyiblər ki, məhkəməyə verərək həmin ərazilərin örüş sahələri olduğunu sübut ediblər:

“Mal-qaranı otlaq sahəsinə buraxmırlar, çətinliklə üzləşirik. 50 hektar örüş sahəsi zəbt olunub. 28 hektar ərazi birinə verilib, 13 hektar yer vardı, onun da 3 hektar yarımını götürüblər. Kənddəki örüş sahələri onsuz da kənd əhalisinin tələbatını ödəmir, üstəlik onu da tutub əlimizdən alıblar”.

Səxavət Bədəlov

Məmişlər Qaralar Kənd Bələdiyyəsinin inzibati ərazisinə daxildir. Kənd bələdiyyəsinin sədri Niyaməddin Məmmədov deyib ki, Səxavət Bələdov həmin kəndin sakini deyil, ərazi üzrə mübahisə isə iki nəfər arasındadır, bunun bələdiyyəyə aidiyyatı yoxdur:

“Həmin ərazi bələdiyyənin mülkiyyətindədir, hərrac vasitəsilə 15 illik icarəyə verilib. Sənədlər R.Quliyevin adına illər əvvəl sənədləşdirilib. Tərəflərin mübahisəsinə bələdiyyə müdaxilə edə bilməz, bizə təqdim edilən sənəd əsasında danışa bilərik”.

Bələdiyyə sədri digər kənd sakinlərinin örüş yerləri ilə bağlı narazılıqları ilə razılaşmayıb. Bildirib ki, örüş yerləri satılmayıb, yalnız həyətyanı sahələr satışa çıxarılır:

 “Örüş yerləri satıla bilməz, deyilənlər yalandır”.

N.Quliyevə məxsus olduğu deyilən telefonlara isə zəng çatmayıb.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az