Vəkil: 17 gündür aclıq edən AXCP fəalının səhhəti kəskin pisləşib

tərəfindən Gozetci

Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında 17 gündür aclıq edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin səhhəti kəskin pisləşib. Artıq onun ağzından qan gəlir.

Bu barədə fevralın 24-də Zamin Salayevlə görüşdən sonra vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib.

Vəkilin sözlərinə görə Salayev 14 kiloqram arıqlayıb.

“Səhhətinin təhlükəli halda olmasına, ağzından qan gəlməsinə baxmayaraq həkim nəzarəti yoxdur. O, ümumi kamerada saxlanılır, təcridxananın tibb-sanitar hissəsinə köçürülməyib”, Kərimli qeyd edib.

Vəkil bildirib ki, qanunsuz olaraq onun ailəsi və yaxınları ilə görüşünə qadağa qoyulub.

Öz növbəsində Penitensiar Xidmətdən Amerikanın Səsisnə bildiriblər ki, əgər problemləri varsa Penitensiar Xidmətə şikayət etsinlər.

Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunarsa fəalı 5 ilədək həbs gözləyir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

Zamin Salayev isə məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər.

“Mən heç kimə hücum etməmişəm, əksinə özümü hücumdan müdafiə etmişəm. Bakıda Lökbatan dairəsində taksidən düşəndə bir nəfər məni təhqir edərək əlində bıçaq üstümə cumdu. Mən bunun təxribat olduğunu başa düşdüm. Bu zaman özümü müdafiə etməyə çalışdım və hücum edən şəxsi itələyərək hadisə yerindən qaçmağa başladım. Bir neçə dəqiqəyə mülki geyimdə olan polislər məni saxladılar və 4 polis avtomobilinin müşayiəti ilə Qaradağ rayon Polis İdarəsinə apardılar”, o fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində hakimlərin diqqətinə çatdırıb.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az