Yanvarın 20-də Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin siyasi məhbuslara azadlıq tələbi ilə başladığı aclıq aksiyası 16 gündür davam etdirilib.
Müsavat Partiyasının qərargahında 12 gündür 10 nəfər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı aclıq edir.
Bu gün aclığı dayandıran olmayıb. AXCP-nin daha üç fəalı, – Elnur Həsənov və partiyanın Saatlı rayon təşkilatının üzvləri Tahir Həsənli, Asim Ağayev Müsavat Partiyasının qərargahında aclıq keçirən aklsiyaçılara qoşulub.
Hazırda Tofiq Yaqublu, həyat yoldaşı Maya Yaqublu, Bəxtiyar Hacıyev də daxil olmaqla 13 fəal aclıq aksiyasını davam etdirir.
Beləliklə, bu gün 10 fəal – AXCP üzvləri İsmailəddin Qasımov, Şirvan Sultanov, Akif Ağayev, Ruslan Əmirov, Hicran Ağayev, Elşən Xəlilov, Orxan Baxışlı , Elnur Həsənov, Tahir Həsənli və Asim Ağayev aksiyanı davam etdirib.
Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu Amerikanın Səsinə bildirib ki, 14 gündür aclığı davam etdirir.
“Bu gün səhhətim çox pisləşib. Mədəmdə, böyrəklərimdə kəskin ağrılar var. Baş ağrılarından dözə bilmirəm. Qan tzəyiqim çox yüksəkdir. Amma, ağrılarımdan asılı olmayaraq sonadək Tofiq bəylə birgə aclığı davam etdirəcəm”, o qeyd edib.
Tibb elmləri doktoru Adil Qeybulla yanvarın 20-də Tofiq Yaqublunun qızı Nigar Həzi ilə birgə onunla görüşüb, müayinə edib. Qeybullanın sözlərinə görə, Yaqublu artıq 16 gündür aclığı davam etdirir.
“Tofiq Yaqublunun həyatı göstəriciləri normaldır, həyatı üçün təhlükə yoxdur. Ona infuziya etdik, çünki aclıq səbəbindən bədənində elektrolitlər çatışmır. Yetərincə su qəbul etmədiyinə görə balans pozulub, halsızdır, ayağa dura bilmir. Ümid edirəm ki, Yaqublu yanvarın 22-də həbs müddətini başa vuracaq”, o qeyd edib.
Həkimin sözlərinə görə, Yaqublu son gündə bir kiloqramadək çəki itirib, hazırda 79 kiloqramdır. O həbs ediləndə çəkisi 94 kiloqram olub.
ofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində insan haqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.
Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.
Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq, həmçinin siyasi məhbuslara azadlıq tələbi ilə aclıq elan etdiyini bildirib. Sonra isə xəstəxanaya köçürülüb.
Turan