Siyasətçi Tofiq Yaqublunun quru aclığa keçdiyi bildirilir (YENİLƏNİB)

tərəfindən Gozetci

“Atam artıq bir neçə saatdır su içməkdən də imtina edib. O mənimlə görüş tələb edir.  Mən 5 saatdan çoxdur xəstəxananın binası qarşısında görüş gözləyirəm. Hər dəfə. Deyirlər yuxarı demişik, amma görüşümə imkan vermirlər”, siyasətçinin qızı Nigar Həzi Amerikanın Səsinə deyib.

Bu gün saat 15-də vəkil Bəhruz Bayramov Tofiq Yaqublu ilə görüşüb.

“Tofiq bəy çox arıqlayıb. O qızı ilə görüş verilməsə quru aclığa keçəcəyini dedi”, vəkil Amerikanın Səsinə deyib.

Hazırda Tofiq Yaqublunun yerləşdirildiyi Əjdər Məlikov adına 6 saylı xəstəxananın qəbul şöbəsindən isə Turana cavab verməyiblər.

“Bu barədə bizdə hər hansı məlumat yoxdur”, deyə qəbul şöbəsindən deyiblər.

*   *   *

22 fəal siyasi məhbuslara azadlıq tələbi ilə aclıq aksiyasını davam etdirir

Bakı/14.01.23/Turan: Yanvarın 14-də Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin siyasi məhbuslara azadlıq tələbi ilə başladığı aclıq aksiyasına daha 4 nəfər qoşulub, bir nəfər aclığı dayandırıb.

Aclıq aksiyasını davam etdirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Əlzamin Salayev Amerikanın Səsinə deyib ki, Müsavat Partiyasının qərargahında bu gün 13 fəal aclığı davam etdirir.

“Bu gün AXCP fəalı Babək Həsənov aclığı dayandırdı. Bununla yanaşı dünən, yanvarın 13-də AXCP fəalları  Faiq Nağıyev və Rövşən Səfərov aksiyaya qoşuldu. Bununla yanaşıə AXCP-nin Ağdaş təşkilatının daha iki fəalı aksiyaya qoşulub və hazırda Ağdaşda 6 fəal aclıq edir. Beləliklə, hazırda Tofiq Yaqublu, həyat yoldaşı Maya Yaqublu, Bəxtiyar Hacıyev də daxil olmaqla 22 fəal aclıq aksiyası keçirir”, Əlzamin Salayev Amerikanın Səsinə deyib.

Müsavat Partiyasının qərargahında aclıq edənlər bu gün, yanvarın 14-də həkim müayinəsindən keçib. Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri aksiya iştikrakçılarını müayinə edib.

“Bir neçə fəalın səhhətində artıq problemlər yaranıb. Əlzamin Kazımlının qan təzyiqi 180/110-dir, Təvəkkül Həsənovun mədəsində kəskin ağrılar baş qaldırıb, mənim isə qan təzyiqim 145/90-dır. Buna baxmayaraq aclığı tələblərimiz yerinə yetiriləndək davam etdirəcəyik”, o qeyd edib.  

Maya Yaqublunun səhhətində də ciddi problemlər yaranıb.

“Anam bu gecə səhərə qədər ağrılar içərisində inildəyib, yata bilmədi. Onun mədəsində, böyrəklərində, baş nahiyyəsində kəskin ağrılar var. Anam aclığı sonadək davam etdirəcəyində inadlıdır”, Tofiq Yaqublunun qızı Nigar Həzi Ameürikanın Səsinə deyib.

Tibb elmləri doktoru Adil Qeybulla yanvarın 14-də Əjdər Məlikov adına 6 saylı xəstəxanada Tofiq Yaqubluya baş çəkəndən sonra Amerikanın Səsinə deyib ki, Yaqublu aclığı davam etdirir.

“Bu gün Tofiq Yaqublunu müayinə etdik. Onunn nəbzi 90, tan təzyiqi 110/70-dir. Vəziyyəti stabildir, sərbəst danışır, ünsiyyətə girir. Onun döş qəfəsinin rentgen və qarın boşluğunun ultrasəs müayinəsi keçirildi. Müayinələr ciddi problemin olmadığını göstərir. Amma, aclıq aksiyasına uyğun olaraq halsızlığı, zəifliyi var. Xüsusilə yataqdan qalxanda, gəzəndə bu hiss olunur”, o qeyd edib.

Xatırladaq ki, indiyədək rəsmi qurumlar aclıq aksiyası keçirənlərin tələblərinə münasibət bildirməyib.

Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində insan hüquqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.

Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu “Bəxtiyar Hacıyevə azadlıq!” tələbi ilə keçirilən aksiyadan sonra həbs edilən yeganə şəxsdir.

Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etdiyini bildirib. Sonra isə xəstəxanaya köçürülüb.

İctimai fəalı Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur.  Sonra ittiham daha da ağırlaşdırlıb və onu 3 ildədk həbs gözləyir. Amma özü ittihamı qəbul etmir.

Bəxtiyar Hacıyevin həbsi geniş tənqidlərə yol açıb. Müdafiə Xətti hüquq müdafiə təşkilatının təşəbbüsü ilə fəallar dekbarın 23-də Bakının mərkəzində Hacıyevin həbsinə etiraz olaraq aksiya keçirib.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında yenidən aclığa başladığını bildirib. Bundan öncə Hacıyev 14 gün aclıq aksiyası keçirib.

Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi ​Ned Prays ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən dərin narahatlığını ifadə edib.

“Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq,” o qeyd edib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az