“Qəti olaraq aclıq aksiyasını dayandırması haqda deyilənləri təkzib etdi”
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev dekabrın 15-dən başladığı aclıq aksiyasını dayandırması haqda iddiaları təkzib edib. Bu barədə Meydan TV-yə onun vəkili Aqil Layıc məlumat verib.
Aqil Layıc dekabrın 19-da Bakı İstintaq Təcridxanasında müvəkkili ilə görüşüb.
“Qəti olaraq aclıq aksiyasını dayandırması haqda deyilənləri təkzib etdi. Dedi ki, mətbuatda gedən informasiyalar reallığı əks etdirmir. Təəssüf ki, bu gün də aclığı dayandırma yönündə onu fikrindən daşındıra bilmədim. Aclığı davam etdirməkdə israrlıdır. Narahatam ki, səhhətində ciddi problemlər yaranacaq. Çünki artıq aclığın 5-ci günüdür”, – Aqil Layıc bildirib.
Bəxtiyar Hacıyevin aclığı dayandırması haqda dekabrın 18-də “Qafqazinfo” məlumat yaymışdı. Sayt iddia edirdi ki, məlumatı Bəxtiyar Hacıyevlə aparılan profilaktik söhbətdən sonra o, aclıq aksiyasını dayandırmağa razılaşıb və normal qida qəbuluna başlayıb və bu məlumatı Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov da təsdiqləyib.
Bəxtiyar Hacıyev dekabrın 9-da həbs olunub. O, Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.
Cinayət Məcəlləsinin 221.1 maddəsində 1000 manatdan 3000 manata qədər cərimə, yaxud 1 ilədək islah işləri və ya 1 ilədək azadlığın məhdudlaşdırılması, yaxud da 1 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub.
Cinayət Məcəlləsinin 289.1 maddəsində isə 500 manatdan 1000 manatadək cərimə və ya 320 saatdan 400 saata qədər ictimai işlər və ya 6 aya qdər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.
Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.
Bu iş üzrə uzun müddət idi ki, Bakı şəhər Baş Polis İdarəsində araşdırma gedirdi. Bəxtiyar Hacıyev dəfələrlə polisin məsələni obyektiv araşdırmamasından şikayətlənib, hətta buna görə Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası da keçirməyə cəhd göstərib.
Lakin Daxili İşlər Nazirliyi onun iddialarının əsassız olduğunu bəyan edirdi.
Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyib Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.
Meydan TV