Azərbaycan hakimiyyəti “Siyasi partiyalar haqqında” yeni qanunu ölkədə çoxpartiyalı siyasi sistemi, real alternativ qüvvələri hüquq müstəvisindən çıxarıb, faktiki məhv etmək məqsədilə qəbul etmək istəyir. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəyanatında deyilir.
Milli Məclisdə tələsik qaydada iki oxunuşda qəbul edilmiş yeni qanun layihəsi hakimiyyətə imkan yaradacaq ki, siyasi partiyaların fəaliyyətini daha da məhdudlaşdırsın, onlara daha sərt nəzarət etsin, müxalifət partiyalarının üzvlərinə və onların ailələrinə qarşı təzyiqləri daha da artırsın, istəyəndə onların qeydiyyatını ləğv etsin, yeni partiyaların yaradılmasının qarşısını alsın.
Qanun layihəsində partiya üzvlərinin sayının 1000-dən 5000-ə qədər artırılması nəzərdə tutulur və hələ 2011-ci ildə oxşar təklif Avropa Şurasının Venesiya Komissiyası tərəfindən mənfi qiymətləndirilmişdi.
“Odur ki, 5000 üzv tələbini yenidən qanuna salmaq, üstəlik, ora üzvlərinin sayı 4500-dən aşağı olan partiyaların buraxılmasını nəzərdə tutan bir müddəa əlavə etmək vətəndaşların siyasi partiyalar vasitəsilə ölkənin siyasi həyatında iştirak hüququnu məhdudlaşdıracaq addım olub, beynəxalq standartlarla, demokratik prinsiplərlə, xüsusilə siyasi plüralizm ilə üst-üstə düşmür”, – bəyanatda deyilr.
Xalq Cəbhəsi Partiyası partiyaların reyestrində təşkilatların bütün üzvləri haqqında məlumatların daxil edilməsi normasını da tənqid edir.
“Müxalif siyasi partiya fəallarının daimi təzyiq altında saxlanıldığı, polis nəzarətinə məruz qaldığı təcrübəsini nəzərə alsaq, hakimiyyət bu fərdi məlumatlar əsasında hüquq- mühafizə orqanlarının əli ilə siyasi partiya fəallarını təqib etmək üçün daha geniş imkanlar əldə edir”, – bəyanatda deyilir.
Qanun layihəsinin 3.3 və 4.7-ci maddələri dövlət qeydiyyatından keçməmiş partiyaların siyasi fəaliyyətlə məşğul olmasını qadağan edir. Bu müddəa mövcud hakimiyyətə real rəqib ola biləcək yeni siyasi partiyaların yaranması və formalaşmasına mane olmaq imkanları yaradır ki, bu da Avropa İnsan Hüquqları Konvensiyasının və Azərbaycan Konstitusiyasının müddəalarına ziddir.
12.3.3-cü maddə siyasi partiyaların seçkilərdə iştirakını bir vəzifə olaraq məcbur edir, onların öz iradələrilə seçkini boykot və ya seçkidə iştirak etmək qərarı verməsinə mane olur, azad seçim hüququnu pozur.
“Qeyd edilən səbəblərdən təqdim edilmiş qanun layihəsi mürtəce məzmunlu olub, siyasi partiyaların, xüsusilə real müxalif siyasi partiyaların fəaliyyətini məhdudlaşdırmağa, siyasi plüralizmin aradan qaldırılmasına xidmət edəcək.
Bunu nəzərə alaraq, Azərbaycan Xalq Cəbhəsi Partiyası hakimiyyəti “Siyasi partiyalar haqqında” bu mürtəce qanunu qəbul etməməyə, qanun layihəsini ekspertiza üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərməyə, Venesiya Komissiyasının indiyə qədərki tövsiyələrini nəzərə almağa çağırır”, – bəyanatda qeyd olunur.
Azərbaycan Xalq Cəbhəsi Partiyası beynəlxalq birliyi Azərbaycanda real müxalifətin hüquq müstəvisindən çıxarılması üçün qanuni əsaslar yaradılmasına seyrçi qalmamağa çağırır.
Azərbaycan Xalq Cəbhəsi Partiyası həmçinin Azərbaycan xalqını hakimiyyətin bu antidemokratik, siyasi plüralizmi məhv etmək niyyəti güdən qanunu qəbul etmək istəyinə etiraz etməyə çağırır.
Turan