Biz, bu sənədi imzalayan şəxslər Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edilən “Siyasi Partiyalar haqqında” qanun layihəsini ölkənin ictimai həyatının idarə olunmasında iştirak etmək hüququ və birləşmək azadlığını məhdudlaşdıran müddəalardan ibarət mürtəce sənəd hesab edirik. Eyni zamanda, belə bir mürtəce layihənin qəbul edilməsini Azərbaycan Respublikası vətəndaşlarının azad siyasi iradəsinin boğulmasına yönəlik növbəti siyasi akt sayırıq.
Hesab edirik ki, yeni qanun layihəsində siyasi partiyanın təsis edilməsi, qeydiyyata alınması, maliyyələşməsi, fəaliyyətinə nəzarət, fəaliyyətinin dayandırılması və ya xitam verilməsi və s. hallar üzrə müddəaları siyasi fəaliyyət imkanları ildən-ilə məhdudlaşan ölkə üçün qəbul edilməzdir. Eyni zamanda, “Siyasi partiyalar haqqında” qanun layihəsi ölkəmizin üzv olduğu Avropa Şurasının təməl prinsipləri, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin tələblərinə cavab vermədiyini bəyan edirik.
Azərbaycan hakimiyyətinin qanun layihəsinin Avropa standartlarına uyğunluğunu müəyyən etmək üçün Avropa Şurası Qanunçuluq üzrə Demokratiya (Venesiya) Komissiyasının rəyini almaqdan imtina etməsini – demokratiyadan imtina kimi qiymətləndiririk.
Biz, Azərbaycan vətəndaşlarının siyasi həyatda iştirak hüququnu və birləşmək azadlığını vacib və əvəzolunmaz hesab edərək, sözügedən layihə ilə bağlı aşağıdakıların icrasını zəruri bilirik:
- Milli Məclisin müzakirəsinə təqdim edilən yeni qanun layihəsi gündəlikdən çıxarılsın;
- Hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanun Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun üzv ölkələrdə siyasi partiyaların nizamlanması üçün tərtib etdiyi qaydalar və tövsiyələri nəzərə alınmaqla təkmilləşdirilsin;
- Avropa Şurasının Baş Katibi, Parlament Assambleyası və digər strukturları Azərbaycan hökümətinin hərəkətsizliyini izləmək yerinə, mövcud layihə üzrə qanunun qəbulundan öncə Venesiya Komossiyasının rəy verməsi üçün səlahiyyətlərini işə salsın.
Bakı şəhəri, 29 noyabr 2022-ci il
İmzalar:
- Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri
- Aqil Layıc, hüquqşünas
- Anar Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanin Tədrisi Mərkəzinin rəhbəri
- Azər Qasımlı, Siyasi Menecment İnstitutunun direktoru
- Bəxtiyar Hacıyev, siyasi fəal
- Bəşir Süleymanlı, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri
- Elçin Rəşid, iqtisadçı ekspert
- Elman Fəttah, siyasi şərhçi
- Emin İbrahimov, keçmiş diplomat, siyasi fəal
- Ələsgər Məmmədli, hüquqşünas
- Ənnağı Hacıbəyli, hüquqşünas
- Fariz Namazlı, hüquqşünas
- Xalid Ağalıyev, Media Hüququ Qrupunun rəhbəri
- İntiqam Əliyev, hüquqşünas
- Nemət Kərimli, hüquqşünas
- Rövşən Ağayev, iqtisadçı ekspert
- Ruslan İzzətli, siyasi fəal
- Rüfət Səfərov, “Müdafiə Xətti” İnsan Haqları Təşkilatının həmtəsisçisi
- Samir Kazımlı, “Hüquq Platforması” Təşəbbüs Qrupunun rəhbəri
- Səməd Rəhimli, hüquqşünas
- Şahin Cəfərli, siyasi şərhçi
- Şəhla Hümbətova, hüquqşünas
- Şəhla İsmayıl, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri
- Toğrul İsmaylov, ictimai fəal
- Toğrul Vəliyev, iqtisadçı ekspert
- Yadigar Sadıqlı, tarixçi
- Yalçın İmanov, hüquqşünas
- Zaur Əkbər, “Müdafiə Xətti” İnsan Haqları Təşkilatının həmtəsisçisi
- Zibeydə Sadıqova, hüquqşünas