Afiyəddin Məmmədov: “Telefonumun parolunu vermədiyim üçün döydülər”

tərəfindən Gozetci

D-18 Hərəkatının fəalı polis tərəfindən işgəncə gördüyünü deyir

Demokratiya-1918 (D-18) Hərəkatının İdarə Heyətinin üzvü Afiyəddin Məmmədovun 30 günlük inzibati həbsi haqda qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.

Noyabrın 23-də Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyilə keçirilən məhkəmə iclasında Afiyəddin Məmmədov özü də iştirak edib. O bildirib ki, avtomobilin şüşəsini sındırması, polisə müqavimət göstərməsi barədə Xətai Rayon Məhkəməsinin 12 noyabr 2022-ci il tarixli qərarında yazılanlar tam yalandır. Onun sözlərinə görə, noyabrın 11-də axşam saat 21.00-22.00 radələrində “Əhmədli” metrostansiyasının yaxınlığında dostu ilə birlikdə evə gedərkən altı nəfər mülki geyimli şəxs onları saxlayıb, zorla maşına mindirərək, Bakı şəhər Baş Polis İdarəsinə gətiriblər. Onları ayrı-ayrı otaqlara salıblar.

Afiyəddin Məmmədov deyir ki, idarədə ondan telefonuna daxil olmaq üçün parolu verməyi tələb ediblər. O isə verməkdən imtina edib. Buna görə orada işgəncəyə məruz qalıb. Onun sözlərinə görə, başına, bədəninə zərbələr vurublar, hətta yıxılandan sonra yerdə də döyüblər. Bundan sonra onu idarənin rəis müavininin yanına aparıblar, gecə saat 2 radələrində isə Xətai rayonu, 37-ci polis bölməsinə gətiriblər. Ertəsi gün bir daha Bakı şəhər Baş Polis İdarəsinə aparıldığını və telefonunun parolunun tələb olunduğunu deyən fəalın sözlərinə görə, bu dəfə də parolu verməkdən imtina edib. Onu yenidən bölməyə qaytarıb, oradan da Xətai Rayon Məhkəməsinə aparıblar. Məhkəmədə vəkillə təmin olunmadan, heç bir araşdırma aparmadan haqqında 30 günlük inzibati həbs qərarı çıxarılıb.

Afiyəddin Məmmədov vurğulayıb ki, noyabrın 11-də axşam saxlanmamışdan bir neçə saat əvvəl “Toplum.tv” internet televiziyasına müsahibə verib. Müsahibədə deyib ki, əgər D-18 Hərəkatının başqa bir üzvü Orxan Zeynalovun yeri haqda polis heç bir məlumat verməsə, etiraz aksiyası keçirəcək.

Orxan Zeynalov Hərəkatın üzvü olmaqla yanaşı, həm də “Wolt” şirkətinin kuryeridir. Afiyəddin Məmmədov isə “İşçi Masası” Həmkarlar İttifaqları Koalisiyasının yaradıcı olmaqla, işçilərin hüquqlarının müdafiəsilə məşğuldur. Hətta bir müddət əvvəl “Wolt” şirkətinin kuryerləri boykot aksiyası keçirəndə təşkilatçılardan biri də Afiyəddin Məmmədov idi.

Bir müddət əvvəl iş üçün istifadə etdiyi velosipedi oğurlanan Orxan Zeynalov polisə şikayət edib. Lakin velosiped tapılmayıb və nəticədən narazı qalan Orxan Zeynalov sosial şəbəkələrdə satirik yazı paylaşaraq, polisi rüşvət almaqda, cinayətkarı qorumaqda ittiham edib. Bundan bir gün sonra – noyabrın 10-da ailə üzvləri məlumat verib ki, Orxan Zeynalov evdə oturduğu vaxt polislər gəlib onu aparıb. Bir sutkadan çox Orxan Zeynalovdan xəbər çıxmayıb. Həmin vaxt Afiyəddin Məmmədov bildirib ki, əgər onun yeri haqqında məlumat verilməsə, etiraz aksiyası keçirəcək.

Sonradan məlum olub ki, Orxan Zeynalova da polisə müqavimət ittihamıyla 30 sutka həbs cəzası verilib.

Apelyasiya məhkəməsində vəkil Zibeydə Sadıqova vəsatət qaldırıb ki, kamera görüntülərinə baxış keçirilsin, işgəncə şikayəti araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsinə sorğu göndərilsin. Lakin vəsatət təmin olunmayıb.

Ümumiyyətlə, hakim Cavid Hüseyn apelyasiya şikayətini də təmin etməyib – Xətai Rayon Məhkəməsinin 30 sutkalıq həbs qərarı qüvvədə saxlanılıb.

Afiyəddin Məmmədov haqqında həbs qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriləcək.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az