Əhməd Məmmədli Orxan Zeynallıya işgəncə veriləcəyindən narahatdır
D18 Hərəkatının İşçi Masasının üzvü Orxan Zeynallının polis tərəfindən saxlanıldığı bildirilir.
Orxan Zeynallının polisə tabesizlikdə ittiham edildiyi deyilir.
Bu barədə Meydan TV-yə D18 Hərəkatının sədri Əhməd Məmmədli məlumat verib.
O bildirib ki, Orxan Zeynallı İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının kuryer birliyinin qurucu üzvüdür.
Onun polislə problemi isə bir ay yarım əvvəl başlayıb: “Velosipedi oğurlanmışdı. O, bu barədə polisə şikayət etdi. Bu zaman polis ondan velosipedini tapmaq üçün müəyyən vəsait tələb etmişdi. Bu da onun velosipedinin qiymətinin yarı qiymətinədək məbləğ edirdi. Orxan Zeynallı polisin bu hərəkəti ilə bağlı post paylaşmışdı. Polis onun ictimai-siyasi fəaliyyətindən xəbər tutanda, Orxanı Bakı şəhər Baş Polis İdarəsinə çağırmışdılar. Ondan velosiped oğurluğu və bununla bağlı polisin hərəkətsizliyini tənqid edən postunu silməsini tələb etmişdilər. Təxminən 1 ay öncə Orxan verilən vədlərə inanaraq yazdığı tənqidi postu gizlətmişdi”.
Əhməd Məmmədli deyir ki, üstündən bir aydan çox vaxt keçəndən sonra Orxan Zeynallı yenidən ironik bir paylaşımla polisi tənqid edib.
Bundan sonra ona Bakı Şəhər Baş Polis İdarəsindən zəng edilib və ondan idarəyə gəlməsi istənilib: “Sonra 18-ci polis bölməsindən də dəvət zəngi gəlib. Rəsmi bildiriş olmadığı üçün Orxan Zeynallı hər ikisindən imtina edib”.
Əhməd Məmmədlinin sözlərinə görə, bu hadisənin səhərisi Orxan Zeynallı İşçi Masasının müşayiəti ilə Bakı Şəhər Baş Polis İdarəsinə gedəcəkdi:
“Lakin axşam saatlarında 5 nəfər mülki polis əməkdaşı onun Nərimanov rayonuna yerləşən evinin işığını söndürüb. Orxan işığa baxmaq üçün bloka çıxanda, mülki polislər onu saxlayıb. Bu, həyat yoldaşının gözü önündə baş verib”.
Əhməd Məmmədli qeyd edir ki, hadisədən sonra o və rəhbərlik etdiyi hərəkatın üzvləri 18-ci bölməsinin, eləcə də Bakı Şəhər Baş Polis İdarəsinin önünə gediblər.
Onlara bildirilib ki, Orxan Zeynallı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (Bandotdel) saxlanılır: “Bu hadisədən sonra Orxanın həyat yoldaşı Bakı şəhər Baş Polis İdarəsinə çağırıldı. Ondan Orxanın yazdığı postların silinməsi tələb edildi. Çünki Orxan Zeynallı həbs ediləndə telefonunu evdə qoymuşdu”.
Əhməd Məmmədli bildirib ki, hazırda onların Orxan Zeynallının vəziyyəti, harada saxlanılması barədə məlumatları yoxdur: “Onun “Bandotdel”də olduğunu güman edirik. Bilirik ki, ona işgəncə verilə bilər. Həm velosipedi oğurlanarkən həm də sonradan dəfələrlə ondan ictimai-siyasi fəaliyyətini dayandırmaq tələb edilib. Dünən axşam saatlarında, Orxan Zeynallı oğurlanmazdan 2-3 saat əvvəl mənə zəng etdi. Dedi ki, təhlükəsizliyimdən narahatam. Dedim, sabah birlikdə, bizim müşayiətimizlə Bakı Şəhər Baş Polis İdarəsinə gedərik, həmçinin vəkil tutacağıq. Təəssüf ki, mümkün olmadı. Azərbaycanda oğurluq adi hala çevrildiyindən o, evindən oğurlandı“.
Hərəkat sədri bildirib ki, Orxan Zeynallı həbs edilsə, həm İşçi Masası, həm də D18 Hərəkatı bütün sivil metodlardan istifadə edib, onun həbsini protest edəcək.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən və Bakı Şəhər Baş Polis İdarəsindən məlumat almaq mümkün olmayıb.
Meydan TV