Jurnalist Əvəz Zeynallıya Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma), Sadıqov isə 32.5, 311 (rüşvət almaya köməkçilik etmək) maddəsi ilə ittiham elan olunub.
Onların vəkillərinin sözlərinə görə, prokurorluq cinayət təqibini KİV-də yayılan məlumatlar əsasında başlayıb və işdə konkret şikayətçi yoxdur.
Sadıqov və Zeynallı ittihamları rədd edir və cinayət təqibini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
Hər ikisi cinayət işini uydurma hesab edərək istintaqa ifadə verməkdən imtina ediblər.
* * *
Son məlumata görə, “Xural” saytının redaktoru Əvəz Zeynallı rüşvət almaqda ittiham edilərək saxlanılıb. O, şənbə günü günortadan sonra kafelərdən birində saxlanılıb. Fəal İlkin Rüstəmzadə saxlanılma şahidi olub. Onun sözlərinə görə, prokurorluq əməkdaşları Əvəz Zeynallını Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham ediblər.
Cinayət Məcəlləsinin qeyd edilən maddəsində 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
* * *
Vəkil Elçin Sadıqov onun ofisində axtarış başa çatdıqdan sonra Baş Prokurorluğun İstintaq İdarəsinə aparılıb.
Bundan əvvəl vəkil jurnalistlərə bildirib ki, mənzilindən və ofisindən qeyri-qanuni olaraq peşə fəaliyyəti ilə bağlı sənədlər götürülüb.
O, prokurorluq nümayəndələrinin hərəkətlərini qanunsuz adlandırıb.
Sadıqovun sözlərinə görə, axtarış qərarı verilərkən onun vəkil olması barədə məhkəməyə məlumat verilməyib.
“Onlar məhkəməni aldadıblar”, – Sadıqov bildirib.
Vəkilin hansı statusda Baş Prokurorluğa aparıldığı hələlik bəlli deyil.
* * *
Baş Prokurorluğun nümayəndələri vəkil Elçin Sadıqovun mənzilində axtarış aparıblar. Bu barədə onun həyat yoldaşı Zibeydə Sadıqova məlumat verib.
Prokurorluq əməkdaşları məhkəmə qərarını təqdim edərək E.Sadıqovun apardığı işlərlə bağlı sənədləri götürüblər.
Bundan başqa, onun həyat yoldaşı, həmçinin vəkil olan Zibeydə Sadıqovanın da apardığı işlərlə bağlı sənədlər götürülüb.
Z.Sadıqova prokurorluğun hərəkətlərini qanunsuz adlandırıb.
Vəkil Aqil Layıc də vəkillərin sənədlərinin götürülməsinin hüquqa zidd olduğunu vurğulayıb.
Vəkil Aqil Laicin sözlərinə görə, Vəkillər və vəkillik fəaliyyəti haqqında AR Qanununun 7-ci maddəsinə görə,
«peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkillər tərəfindən toplanılan sənədlər və digər sübutlar, vəkillik icraatları (dosye) istintaq və məhkəmə orqanları tərəfindən tələb edilə və götürülə bilməz».
Dosyeyə nə daxildir, nə daxil ola bilər, nə dərəcədə aiddiyyatı sənədlərdir məsələsini müstəsna olaraq vəkilin özü həll edir, deyə Layıc bildirib.
E.Sadıqovun iş otağında axtarış davam edir.
* * *
Baş Prokurorluğun nümayəndələri “Xural” saytının redaktoru əvəz Zeynallının və vəkil Elçin Sadıqovun ofis və mənzillərində axtarışlara başlayıb
Baş Prokurorluqdan Turan agentliyinə bildiriblər ki, “fakt üzrə cinayət işi açılıb və istintaq tədbirləri aparılır”.
Zeynallının rüşvət almaqda şübhəli şəxs qismində tutulduğu barədə qeyri-rəsmi məlumatlar yayılıb.
Turan