Əli Əliyevin vəkillə görüşünə və ailəsi ilə telefon danışığına imkan verilmir

tərəfindən Gozetci

“Vətəndaş və İnkişaf Partiyasının sədri, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Əli Əliyev artıq 8 gündür ailəsi ilə telefon əlaqəsi saxlaya bilmir. Onun müdafiəçisi kimi mən də müxtəlif bəhanələrlə görüşə buraxılmıram”, – vəkil Toğrul Babayev Turan-a bildirib.

Onun sözlərinə görə, təcridxana rəhbərliyi Əliyevlə görüşmək üçün ondan Penitensiar Xidmətdən xüsusi icazə almasını tələb edir.

“Bundan öncə, Penitensiar Xidmətin icazə məktubu ilə təcridxanada iki dəfə Əliyevlə görüşmüşəm. Lakin indi İstintaq Təcridxanasının rəhbərliyi yeni icazə məktubu tələb edir. Bu gün mən vəkil orderimi və görüş üçün icazə almaq üçün məktubumu Penitensiar Xidmətə təqdim etdim. Görək, bundan sonra nə deyəcəklər”, – vəkil qeyd edib.

Müxalifətçinin xanımı Dilarə Əliyeva həyat yoldaşı ilə telefonla danışmaq imkanı verilmədiyi üçün ombudsmana müraciət edib. Onun şikayəti əsasında araşdırma aparılır.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Turan agentliyinə bildiriblər ki, bütün cəzaçəkmə müəssisələrində və təcridxanalarında saxlanılan şəxlsərə qanunvericilikdə nəzərdə tutulan qaydada və sayda telefon danışıqları təqdim edilir.

* Əli Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin  zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı (Cinayət Məcəlləsinin 147.1-ci maddəsi) ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Aprelin 15-də məhkəmə Dövlət Sərhəd Xidmətinin digər zabiti Ramin Ədilovun Əliyevə qarşı şikayətini təmin edərək, cəzanın müddətini daha bir ay uzadıb.

İddialara Əli Əliyevin 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 vertolyotunun qəzaya uğraması nəticəsində sözügedən zabitlərin sağ qalmasının mümkünsüz olması və vertolyotun Rusiya tərəfindən vurulması ehtmalı barədə mətbuata açıqlaması səbəb olub.  Ötən ilin noyabrında Dövlət Sərhəd Xidmətinin vertolyotunun qəzaya uğraması nəticəsində bu qurumun 14 zabiti həlak olub, ikisi isə sağ qalıb. Və onlar iddia irəli sürüblər.

Əli Əliyev hər iki hökmü rədd edərək, həbsini “ölkə rəhbərliyinin siyasi sifarişi” adlandırıb.

İyunun 23-də Yasamal məhkəməsi hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyüşovun şikayətini təmin edərək, Əliyevin cəzasını 1 ilədək artırıb. 2021-ci ilin sentyabrında Əli Əliyev “Bumeranq” TV-yə verdiyi videomüsahibədə onu “dovşan”, “frayer” və “masturbant” adlandırdıqdan sonra Göyüşov onu məhkəməyə verib. Buna 2021-ci ilin sentyabrında İnternetdə yayılan kadrlar səbəb olub. Həmin kadrlarda Göyüşovun pornovideoya baxdığı görünür. Bu görüntüləri yayan jurnalist həbs edilib, Göyüşov isə partiyadan xaric edilib.

** Hüquq müdafiəçiləri Əli Əliyevi siyasi məhbus kimi tanıyıblar.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az