Şərur sakini: “Vasif Talıbova teleqram vurduğum üçün polisə çağırıldım”

tərəfindən Gozetci

“Mənə dedilər ki, problemi içtimailəşdirməyim”

Şərurun Düdəngə kənd sakini Kazım Qurbanovun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbova şikayət teleqramı göndərdiyi üçün polis bölməsinə çağırıldığı bildirilir.

“Gündəlik Naxçıvan”ın məlumatına görə, sakin Vasif Talıbova əmlakının qanunsuz sökülməsindən şikayət edib.

Vətəndaş teleqram vurandan bir saat sonra isə Şərur Rayon Polis Şöbəsinə dindirilməyə çağırılıb:

“Üzləşdiyim qanunsuzluğun aradan qaldırılması xahişi ilə avqustun 15-də Vasif Talıbova teleqram vurdum. Üstündən bir saat keçməmiş, sahə müvəkkili zəng vurdu ki, izahat üçün polisə gəlməliyəm. Rəsmi çağırış tələb etsəm də, məhəl qoymadı. Dedi ki, ya şöbəyə gəlməliyəm, ya da mənim üçün çox pis olacaq. Məcbur qalıb polis şöbəsinə getdim. Ali Məclisə niyə teleqram vurduğumu soruşdular. Mənə dedilər ki, problemi içtimailəşdirməyim, mətbuata açıqlama verməyim nə mənim üçün, nə də Naxçıvan üçün yaxşıdı. Mən isə haqqımı tələb etdiyimi bildirdim, aramızda mübahisə yarandı. Sonda dedilər ki, get, gəlib maraqlanacağıq. Mənimlə təhdidlə danışırdılar”.

Kazım Qurbanov əmlakının sökülməsi ilə bağlı bir müddət öncə də “Gündəlik Naxçıvan”a müraciət edib.

O, 30 il əvvəl tikilmiş, qanuni sənədləşdirilmiş evinin divarı və hasarının bir hissəsi məhkəmə qərarı olmadan söküldüyünü deyib.

Onun sözlərinə görə, evinin darvazası və həyətinin hasarı məhkəmə qərarı olmadan sökülüb.

Bu işə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şərur Rayon Şöbəsi rəhbərlik edib.

Torpaq İdarəsinin dörd il əvvəl ona verdiyi sənədi geri istəyirlər:

“Otuz il əvvəl tikilmiş qanuni sənədli bu ev, bu həyət nənəmdən mənə qalıb. 4 il əvvəl Şərur Rayon Torpaq İdarəsi evin və torpaq sahəsinin sənədini yenilədi. Mənə plan və reyestrdən çıxarış verdi. Bu ilin yanvar ayında mənə məktub yazıb, verdikləri sənədi geri verməyimi tələb etdilər. İmtina edib vermədim. Ağır texnika gətirib darvazamı, hasarımı uçurub “Kamaz”a yığıb aparıb çölə tökdülər”.

O deyir ki, baş verənlərlə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsə də dərdinə çarə tapılmayıb.

Şikayətçi deyib ki, haqqını Naxçıvanda bərpa edə bilməsə, Bakıda Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirəcək.

Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şərur Rayon Şöbəsindən məsələyə münasibət bildirilməyib. Şərur Rayon Polis Şöbəsindən Meydan TV-yə deyiblər ki, məlumat həqiqəti əks etdirmir.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az