Daxili İşlər Nazirliyinin (DİN) inzibati binasının qarşısında aksiya keçirəcəyini bildirən ictimai fəal Elnur Həsənov həbs edilib.
Belə ki, bu günlərdə Elnur Həsənov adlı şəxs İkinci Qarabağ Müharibəsində həlak olmuş qardaşının büstü önündə jurnalistlərə müsahibə verərək bildirib ki, o polis tərəfindən fiziki zorakılığa məruz qalıb.
“İyunun 20-də Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə Fərid adlı şəxsin göstərişi ilə aparıldım və işgəncəyə məruz qaldım. Bir ay ərzində aidiyyatı qurumlara polislərin cəzalandırılması tələbi ilə sivil mübarizə apardım, nəticəsi olmadı. Buna görə də mətbuat vasitəsilə nazir Vilayət Eyvazovla görüş istəyirəm,. görüş olmayacağı təqdirdə nazirlik qarşısında aksiya keçirəcəm”, – deyə Həsənov bildirib.
O, aksiya üçün şəhid ailələrinə, qazilərə də müraciət edib.
Məlumata görə, bundan sonra onu Nəsimi RPİ-nə çağırıblar. O, Polis İdarəsinə şəhid ailələri ilə birgə gedib. Onunla birgə saat 11 radələrində Polis İdarəsinə gedən Bəhruz Hacıyev və Elçin Əsgərov idarədən çıxsa da, saat 18- ə qədər Elnurdan xəbər olmayıb. Sonradan Nəsimi Rayon məhkəməsinə aparıldığı bildirilib. Onun barəsində inzibati protokol tərtib olunub.
Hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Elnur Həsənov barəsində inzibati həbs qərarı seçilib.
Məsələ ilə bağlı rəsmi açıqlama yoxdur.
Abzas.org