Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib

tərəfindən Gozetci

“Bildirildi ki, cinayətkarın tapılması üçün müxtəlif texniki imkanlardan istifadə olunur”

Jurnalist Aytən Məmmədovanın yaşadığı binanın liftində hücuma məruz qalmasıyla bağlı cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Jurnalistin Meydan TV-yə bildirdiyinə görə, iyunun 14-də o, Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub. İdarənin rəis müavini, sözügedən cinayət işi üzrə əməliyyat-istintaq qrupunun rəhbəri Vüqar Ələkbərov onu qəbul edib.

“Görüşdə mənə qarşı cinayətin üstünün açılmasıyla məşğul olan çoxsaylı polis əməkdaşları da iştirak edirdi. Cinayət işiylə bağlı son durum, indiyədək görülən işlər barədə qrupun rəhbərinə məruzə edildi. Eyni zamanda, mənə də məlumat verildi ki, hansı istiqamətlərdə hansı addımlar atılıb”, – jurnalist bildirib.

Aytən Məmmədova deyir ki, son iki həftədə istintaqın gedişi barədə ümumiyyətlə, məlumatı yox idi, ona heç bir informasiya verilməmişdi. Jurnalistin sözlərinə görə, idarədə ona bildirilib ki, bu müddətdə də əməliyyat-istintaq tədbirləri dayandırılmayıb, müxtəlif istiqamətlərdə işlər davam etdirilib:

“Bildirildi ki, cinayətkarın tapılması üçün müxtəlif texniki imkanlardan istifadə olunur. Hadisədən əvvəl izlənilməyim, mənimlə bağlı məlumatların ötürülməsi və s. məsələlərlə bağlı bütün mümkün ehtimallar araşdırılır. Araşdırmaların bundan sonrakı istiqamətləri barədə qrupun rəhbəri öz tapşırıqlarını verdi. Mənə bildirildi ki, bu cinayətin üstünün açılması, cinayətkarın tapılıb cəzalandırılması üçün bütün zəruri addımlar atılacaq”.

Hadisənin üstündən 1 aydan çox vaxt keçməsinə baxmayaraq, Aytən Məmmədova cinayəti törədən şəxs və ya şəxslərin tapılıb cəzalandırılacağına hələ ümidini itirmədiyini vurğulayıb.

Mayın 8-də gecə saatlarında Aytən Məmmədova naməlum şəxsin hücumuna məruz qalıb. Jurnalistin sözlərinə görə, yaşadığı binanın blokuna girərkən bir nəfər arxasınca gəlib və liftdə bıçağı onun boğazına dirəyib: “Mənə dedi ki, sən ağıllanmadın? Qızımla hədələdi…”

Jurnalistə qarşı hücumla bağlı Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsilə cinayət işi başlanıb.

Aytən Məmmədovanın ən çox ictimailəşdirdiyi iş Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı gedən məhkəmə işidir.

Jurnalist sosial şəbəkələrdə bu cinayəti törətməkdə təqsirləndirilən İlkin Süleymanova qarşı sübutların saxta olması, ona işgəncə verilməsi haqda paylaşımlar edirdi.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az