Bakıda kuryerlər tətil çağırışı edib. Belə ki, “Wolt” şirkətinin 100-dən çox kuryeri bu gün işə çıxmayıb. Onlar əmək haqlarının artırılmasını tələb edirlər. İşçilər etiraz olaraq şirkətin mobil tətbiqini dondurublar.
Tətil təşkilatçılarının sözlərinə görə, “Wolt” şirkəti maaş artımı tələb edənləri işdən çıxarmaqla hədələyib. Artıq əməkdaşlardan bir çoxu işdən azad edilib.
˝Səni psixoloji olaraq sındırırlar. İnandırırlar ki, sənin əhəmiyyətin yoxdur. Sən sadəcə statistikasan. Yüzlərlə kuryerdən birisən. Səndən növbədə yüzlərlədir˝, deyə çağırışda bildirilir.
Hər gün səhərdən axşama verilən ünvanlara tələsən və dəfələrlə həyati təhlükələrlə üzləşən kuryerlər ötən aylar ərzində yaşayışın kəskin bahalaşdığını, maaşların isə yerində saydığını deyirlər.
İşçilər birlikdə olmağın yaratdığı gücdən əmindir: “Kiçik qar dənəcikləri böyük qar topaları yarada bilir”.
abzas.org