“Nərmin işi”: Yanmış meyit tapılmamışdan iki gün əvvəl əmisi qonşulara nə deyib?

tərəfindən Gozetci

Prokurorluğun İlkin Süleymanova qarşı sübutlarından biri “yuxuda sayıqlama”dır…

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın yandırılması və 47 gün sonra kənddə yanmış meyitin tapılmasıyla bağlı cinayət işində təqsirləndirilən İlkin Süleymanova qarşı ittiham tərəfinin sübutlarından biri onun gecə yuxuda sayıqlamasıyla bağlıdır. Bakı İstintaq Təcridxanasında İlkin Süleymanovla eyni kamerada saxlanılan 4 nəfər istintaq zamanı dindirilib. Onlardan ikisi ifadə verib ki, İlkin gecə yuxuda sayıqlayıb, Nərmini öldürdüyünü deyirdi. Digər ikisi isə bildirib ki, belə bir hal baş verməyib.

Prokurorluq İlkin Süleymanovun sayıqladığını iddia edən iki nəfəri məhkəməyə çağırılacaq şahidlər siyahısına daxil edib. Bu cinayət işi üzrə məhkəmədə prokurorluğun siyahısı üzrə bütün şahidlər dindirilib, yalnız sözügedən iki nəfər qalıb. Aprelin 20-də məhkəmədə məlum olub ki, onlardan biri 6 saylı cəzaçəkmə müəssisəsindədir, digəri isə cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək şərtilə həbsdən buraxılıb. Onun hələ hansı müəssisədə olduğu müəyyənləşdirilməyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində azyaşlının oğurlanıb öldürülməsi işini araşdıran Dadaş İmanov bildirib ki, hər ikisinin məhkəmədə dindirilməsi təmin olunacaq.

İlkin Süleymanovun vəkilləri əlavə şahidlərin dindirilməsi haqda vəsatət verib. Vəkil Əlibaba Rzayev bildirib ki, kamera yoldaşlarından İlkin Süleymanovun sayıqladığını iddia edənlər dindirilirsə, bunun əksini deyənlər də məhkəməyə çağırılmalı, ifadələri alınmalıdır. Məhkəmə bu vəsatəti təmin edib.

Vəkillərin daha bir vəsatəti isə Dondar Quşçu kəndinin üç sakini – Qurban Qasımov, Hümbət Novruzov və Aydın Abdullayevin məhkəmədə dindirilməsi haqda olub. Bunların dindirilməsi zərurəti adı yanmış meyiti həmin əraziyə atmaqda hallanan və bu məhkəmədə şahid qismində dindirilən Altay Ələkbərovun ifadəsindən irəli gəlir.

Vəkil Əlibaba Rzayevin sözlərinə görə, prokurorluq meyitin yandırılmasının vaxtını, müddətini müəyyənləşdirərkən Altay Ələkbərovun ifadəsinə əsaslanıb. Altay Ələkbərov ifadəsində bildirib ki, təxminən 20 radələrində o ərazidən maşınla keçib, bacısının ərindən televizor kabeli alıb və dərhal da geri qayıdıb. Dindirilməsi tələb olunan şahidlər isə saat 18.55-də çənə su vuranda Altay Ələkbərovun maşınla keçdiyini, 10-15 dəqiqə sonra geri qayıtdığını görüblər. Vəkilin sözlərinə görə, bu şahidlərin dedikləri Altay Ələkbərovun ifadəsini şübhə altına almağa əsas verir. Ona görə də dindirilməsi zəruridir. Məhkəmə bu vəsatəti də təmin edib – adları çəkilən şəxslər dindiriləcək.

Məhkəmədə dindirilməsi istənilən daha iki nəfər – Rüfət Əliyev və Zahidə Əliyeva da Dondar Quşçu kənd sakinləridir. Onların dindirilmə zərurəti belə əsaslandırılıb:

Foto: Meydan TV

“Bu şəxslərin verdiyi məlumata görə, yanmış meyit aşkarlanmamışdan 2-3 gün əvvəl Nərminin əmisi Arif Quliyev (uşaq itən gün aparıb onlara gödəkçə verib) onlara gəlib. Deyib ki, “ehtiyatlı olun, birdən Nərminin meyitini sizin qapıya atarlar, görən kimi mütləq xəbər verin”. Bu məsələyə aydınlıq gətirilməsi çox əhəmiyyətlidir. Əmisi hardan bilirdi ki, Nərmin ölmüş vəziyyətdə tapılacaq? Yaxud da kiminsə qapısına atılacaq?”

Hakimlər bu şəxslərin də məhkəmədə dindirilməsinə razılıq verib.

İlkin Süleymanovun istintaqa ifadəsində var ki, o, uşağı qapılarından keçəndə evlərinə çağırıb, birinci kitab şkafı olan otağa aparıb. Vəkil deyir ki, Nərminin oğurlandığı gün və saatda həmin otaqda İlkin Süleymanovun bacısı İlhamə Süleymanova şagirdlərinə dərs keçib. Ona görə həmin şagirdlərdən ikisinin də məhkəmədə dindirilməsini istəyiblər:

“Bununla sübut olunacaq ki, İlkindən təzyiq altında alınmış o ifadənin heç bir əsası yoxdur. Çünki həmin vaxt otaqda məşğələyə gələn şahidlər olub. Əgər Nərmin gəlsəydi, şagirdlərin onları görməməsi mümkün deyil”.

Hakim yalnız bir şagirdin dindirilməsinə razılıq verib.

Vəkillərin əlavə şahid qismində çağırılmasını istədiyi şəxslərdən ikisi də İlkin Süleymanovun bacısının övladları Xansuvar Eminov və Nicat Eminov olub. Müdafiəçilərin sözlərinə görə, bu şəxslər uşağın 47 gün saxlandığı iddia olunan otağa o müddətdə dəfələrlə girib-çıbılar, orada paltar dəyişiblər. Üstəlik, istintaq zamanı prokurorluq da onları dindirib və ifadələrində bu halı təsdiqləyiblər. Lakin məhkəməyə çağırılacaq şahidlər siyahısına adları salınmayıb.

Məhkəmə onlardan birinin dindirilməsini yetərli sayıb. Qərar verilib ki, Nicat Eminov dindirilsə, kifayətdir.

İlkin Süleymanovun əmisi Hüseyn Süleymanovun adı da əlavə şahidlər siyahısına daxil edilib. Vəkil bildirib ki, yanmış meyit tapılandan bir gün sonra həmin ərazidə qazıntı aparılıb, bütün izlər itirilib. Qazıntını aparan da Nərminin atası Şərif Quliyev və polislər olub. Həmin vaxt Şərif Quliyev qazmağa lazım olan bel üçün Hüseyn Süleymanova müraciət edib: “Hüseyn Süleymanovdan beli alıb, ərazidə qazıntı işləri aparıblar. Həm qazıntı məsələsi, həm də Tovuz rayon Polis Şöbəsinin o vaxtkı rəisi Şirzad Əsgərovun İlkin Süleymanovun özünə və qohumlarına qarşı qanunsuz hərəkətlərilə əlaqədar Hüseyn Süleymanovun dindirilməsi zəruridir”.

İlkin Süleymanovun müdafiəçiləri hesab edir ki, Nərminin ana nənəsi Minayə İsmayılovanın da dindirilməsinə ehtiyac var. Çünki o, İlkin Süleymanov saxlandıqdan sonra prezidentə müraciətində İlkinin qatil olmadığını yazıb, əsl qatillərin tapılması üçün kömək istəyib. Bundan başqa, o, mediadakı çıxışlarında nəvəsinin itməsinə görə uşağın əmisi Lətif Quliyev və digərlərinin günahkar olduğunu iddia edib. Həmin müraciət də iş materiallarına əlavə olunub.

“Bundan başqa, Minayə İsmayılova istintaqda dindirilərkən qızı Aynurə ilə əri Şərif Quliyev arasında ciddi münaqişələrin olduğunu deyib. Lakin həmin münaqişələrin Nərminin itməsilə bağlı olub-olmadığı araşdırılmayıb. Hesab edirik ki, bu məsələlərə aydınlıq gətirilməsi üçün Minayə İsmayılova məhkəmədə də dindirilməlidir”, – Əlibaba Rzayev bildirib.

Məhkəmə isə onun dindirilməsinə zərurət olmadığı qənaətinə gəlib:

“O, artıq mövqeyini dəyişib, müraciətdə yazıldığı kimi düşünmür”.

Kənd sakini, müəllimə Laləzar Məmmədovanın da məhkəmədə əlavə şahid kimi dindirilməsi məsələsi müzakirə olunub. Çünki Nərminin atası, əmisi, əmisi arvadı israrla bildirir ki, o, evdən təxminən 14 radələrində gedib və 14.30-da da əmisigilə gödəkçəni verib çıxıb. Lakin məhkəmədə dindirilən iki şagird isə Nərmini təxminən 16.30 radələrində əmisigilin evinin yanında gördüklərini bildirdilər. Onlar vaxtla bağlı dediklərini əsaslandırmaq üçün bildirdilər ki, Laləzar Məmmədovanın yanından məşğələdən gəlirdilər. Məşğələ ilə saat 16.00-da bitir. Oradan çıxıb, Nərminin əmisigilin evlərinin yanına çatana qədər təxminən yarım saat keçərdi. Bu məsələnin aydınlaşdırılması üçün Laləzar Məmmədovanın da məhkəmədə dindirilməsini istəyiblər. Hakimlər bu vəsatətə də müsbət cavab verib.

Dindirilməsi istənilən əlavə şahidlərdən biri də İlkin Süleymanovun qardaşı Bəhruz Süleymanovdur. Çünki iş materiallarında var ki, İlkin Süleymanovun isti alt paltarından Nərminin geyiminə uyğun lif aşkarlanıb. Vəkillər bildirib ki, Bəhruz Süleymanov qardaşına həmin paltarı o, saxlandıqdan sonra alıb aparıb və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təqdim edib ki, ona çatdırsınlar. Müdafiəçilər bu məsələnin araşdırılması üçün həm Bəhruz Süleymanovun, həm də Tovuz şəhərində həmin paltarın alındığı mağazanın satıcısının məhkəmədə dindirilməsini xahiş edib.

Hakimlər bildirib ki, sənədlərin araşdırılması mərhələsində ekspert rəyləri müzakirəyə çıxarılanda bu məsələyə qayıdacaqlar. Ona görə də Bəhruz Süleymanov və mağazanın satıcısı haqda vəsatət baxılmamış saxlanılıb.

Məhkəmə prosesi aprelin 21-də davam edəcək.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az