Yunis Səfərov: ‘Mənə kömək eləyən olsaydı…’

tərəfindən Gozetci

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə odlu silahla sui-qəsddə suçlanan Yunis Səfərov və onunla birlikdə mühakimə olunan daha 11 nəfər haqqında hökm qüvvədə saxlanıb. Onların hökmdən verdiyi apellyasiya şikayəti təmin edilməyib. Aprelin 15-də Bakı Apellyasiya Məhkəməsində Mirzəli Abbasovun sədrliyi ilə bu barədə qərar çıxarılıb.

Məhkəmədə Yunis Səfərov bildirib ki, onları mütəşəkkil dəstə kimi təqdim etmək absurddur. Onun sözlərinə görə, icra başçısının əhaliyə zülmü pik həddə çatdığına görə onu cəzalandırmaq qərarına gəlib. Səfərov deyir ki, əgər mütəşəkkil dəstə olsaydı, o, silahı bankın mühafizəçisinə xəsarət yetirərək əldə etmək məcburiyyətində qalmazdı.

“Üç gün binanın çardağında, buz kimi yerdə qaldım”

“Bu hadisəyə görə mən axtarışda idim, o müddətdə üç gün binanın çardağında, buz kimi yerdə qaldım. Mənə kömək eləyən olsaydı, niyə qalmağa yer tapmırdım? Mənə kömək eləyən olsaydı, bu işi icra hakimiyyətinin binasında eləməzdim. Ora ən uyğunsuz yer idi”, – Səfərov belə deyib.

Saxlandıqdan sonra işgəncələrə məruz qaldığını deyən Səfərov vurğulayıb ki, icra başçısının özbaşınalıqlarına müvafiq orqanlar “dur” demədiyinə görə vəziyyət bu həddə gəlib çatdı:

“Məmur özbaşınalığı ictimaiyyətin bədənində xəstəlikdir. Onun üstünə vaxtında düşməyəndə inkişaf edir, kök atır. Mən qanunu pozmuşam. Amma hər qanunu pozan cinayətkar deyil. Elə ona görə də hər qanunu pozana eyni münasibət göstərilmir. Qanunun özü də bunu deyir. Niyyət, motiv, hadisənin baş verdiyi şərait mütləq nəzərə alınmalıdır. Bu hadisədə niyyət terror eləmək, haranısa partlatmaq yox, haqsızlığın, ədalətsizliyin qarşısını almaq olub”.

O, Vəliyevin Gəncədə inanclı şəxsləri qıcıqlandırması, həbs etdirməsi, məscidə ayaqqabı ilə daxil olub insanları təhqir etməsi, Aşura günündə şərab tədbiri keçirməsi haqda da danışıb.

“İnsanlar məyus oldular”

Səfərovun çıxışından sonra prokuror Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanmasını təklif edib. Bir neçə dəqiqəlik müşavirədən sonra hakim də şikayətlərin təmin olunmadığı, hökmün qüvvədə saxlandığını elan edib.

Vəkil Şəhla Hümbətova AzadlıqRadiosuna bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət veriləcək:

“Düzü, mənim hökmün dəyişəcəyinə, qanuni, əsaslı qərar veriləcəyinə ümidim yox idi. Amma təqsirləndirilən şəxslər və onların qohumlarının ümidi vardı. İnsanlar məyus oldular. Ali Məhkəmə də şikayəti təmin etməsə, Avropa Məhkəməsinə şikayət göndəriləcək”.

Təqsirləndirilən şəxslərdən Cəfər Zalovun həyat yoldaşı Günay Zalova deyir ki, məhkəmənin ədalətli qərar verəcəyinə inanmasalar da, az da olsa, ümidləri vardı.

“Əslində bu nəticəni gözləyirdik. Amma yenə də içimizdə bir ümid vardı ki, ailələri, uşaqları var. Görünür, bunlar düşündüyümüzdən də insafsızdırlar. Bu qədər ədalətsizlik, qəddarlıq olar?!”, – Zalovanın sözləridir.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) sui-qəsd olub. Vəliyev və onu mühafizə edən polis əməkdaşına qarşı silahlı sui-qəsd terror aktı kimi rəsmiləşdirilib və bu əməli törətməkdə suçlanan Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan doqquz nəfərə isə 18-20 il həbs cəzası verilib.

Səfərov bildirib ki, icra başçısını əhaliyə zülm etdiyinə görə öldürmək qərarına gəlib və bu məsələ təkbaşına onun planı olub. Digər təqsirləndirilən şəxslər günahsız olduqlarını, icra başçısına qarşı sui-qəsd olayına heç bir aidiyyətləri olmadığını bildiriblər.

Məhkəmədə sabiq icra başçısının dindirilməsi tələb olunsa da, nümayəndəsi Vəliyevin anlaqsız olması haqda arayış təqdim edib.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az