Aprelin 5-də Bakıda AŞ baş katibi Mariya Peyçinoviç-Buriçin iştirakı ilə keçirilən mərasimdə Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planı təqdim olunub. Fəaliyyət Planının ümumi büdcəsi 9,6 milyon avrodur.
Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, Azərbaycan Xarici İşlər Nazirliyinin, Avropa Şurasının Bakı ofisinin nümayəndələri, benefisiar təşkilatlar və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edib.
Fəlaliyyət planına siyas sistemdə islahatlar və seçki islahatları məsələlərinin də daxil olmasına baxmayaraq, mərasimdə hər hansı siyasi partiyanın təmsilçisi iştirak etməyib.
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç bildirib ki, fəaliyyət planı Azərbaycanla birlikdə hazırlanıb, monitorinq qruplarının hesabatlarına əsaslanıb.
“Planın əsas məqsədi Azərbaycan xalqının demokratik cəmiyyətdə yaşaması, demokratik təsisatların inkişafını sürətləndirməkdir. Bu, təqdim olunan üçüncü fəaliyyət planıdır: “Məqsədimiz həqiqi nəticələrin əldə olunmasıdır. Əvvəlki planların reallaşdırılması istiqamətində xeyli addımlar atılıb”.
Qeyd olunub ki, planların icrası ilə bağlı 1000 azərbaycanlı hüquqşünas Avropa hüquqlarının mənimsənilməsi və öyrənilməsində təcrübəsini artırıb, təlimlərdə iştirak edib. Bundan başqa, Azərbaycan Lanzarota Konvensiyasını ratifikasiya edib. Vətəndaş cəmiyyətinin rolu artırılıb, qanunun aliliyi sahəsində böyük irəliləyiş əldə olunub. Ədliyyə Akademiyasında hakim və məhkəmə işçiləri üçün təlimlər təşkil olunub. 500 jurnalist və vətəndaş cəmiyyətinin nümayəndəsi gender bərabərliyi sahəsində təlimlərdə iştirak edib. Bir sözlə, müsbət nailiyyətlər var. Lakin müəyyən sahələrdə hələ də problemlər var ki, bura ifadə azadlığı, seçki, ədalətli mühakimə sahələri daxildir. Yeni fəaliyyət planı yeni sahələri də əhatə edəcək, bura, süni zəka, ekologiya və iqlim dəyişikliyi, insan alveri, narkotik vasitələrdən sui-istifadə və onların satışı ilə mübarizə sahələri daxildir”.
AŞ Baş katibi regional layihələrin əhəmiyyətinə toxunub. “Azərbaycan bu layihələrdə uğurla iştirak edir. Aİ bu layihələrin icrasında ən böyük donordur”.
O da vurğulanıb ki, Avropa Şurası, Avropa İttifaqı və Azərbaycan insan haqlarının və demokratiyanın inkişafında öhdəliyi bölüşür.
Ədliyyə naziri Fikrət Məmmədov deyib ki, Azərbaycan Avropa Şurası ilə əlaqələrə böyük önəm verir. “Üzvlüyümüz dövründə Azərbaycan bir sıra nailiyyətlər əldə edib”, deyə nazir qeyri-müəyyən şəkildə bildirib.
Yeni Fəaliyyət Planı 22 prioriteti əhatə edir.
Məmmədov islahatlardan danışarkən deyib ki, məhkəmə islahatları sahəsində böyük işlər görülüb, hakim korpusu 75 faiz yenilənib, gənc kadrlar cəlb olunub, gender bərabərləyi istiqamətində irəliləyiş olub:
“Məhkəmə infrastrukturunun müasirləşdirilməsi və hi-tech məhkəmələrin yaradılması daim diqqətimizdə saxlanılaraq Dünya Bankının iştirakı ilə paytaxtda və bölgələrdə 35, o cümlədən təkcə ötən ildə 11 məhkəmə üçün yeni, müasir bina və komplekslər istifadəyə verilib, onlar “Elektron məhkəmə” sistemi ilə təchiz olunub”, deyə Məmmədov bildirib.
Turan