Komitə ümumilikdə ötən il Azərbaycanda AİHM qərarlarının icrası üzrə müəyyən müsbət irəliləyişlərin olduğunu qeyd edir
Azərbaycan 5 ildir Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 31 qərarını icra etmir. AİHM martın 31-də qərarlarının icrası üzrə ilik hesabatını açıqlayıb.
Hesabatda Azərbaycan ötən il AİHM qərarlarının icrasını gözlədiyi 5 ölkə sırasında yer alıb. Azərbaycanda 271 qərar icrasını gözləyir. 2020-ci ildə isə 231 qərar icra olunmamış idi. Bu qərarların tam yerinə yetirilmədiyi bildirilir.
Müqayisə üçün, ötən il Rusiyada 1942, Türkiyədə 510 qərar icra olunmamış qalıb.
AİHM Avropa İnsan Hüquqları Konvensiyasının pozuntuları üzrə qərarlar çıxarır. Məhkəmənin qərarlarının necə icra olunmasına Avropa Şurasının Nazirlər Komitəsi nəzarət edir.
NİDA-çıların işi
Komitə ümumilikdə ötən il Azərbaycanda AİHM qərarlarının icrası üzrə müəyyən müsbət irəliləyişlərin olduğunu qeyd edir. Bu sırada bir sıra ədalətsiz hökmlərin ləğv olunduğu vurğulanır. Noyabrda Ali Məhkəmənin Məmmədli qrupu üzrə daha dörd ərizəçinin məhkumluğunu ləğv etməsi göstərilir.
Ötən il noyabrın 19-da Ali Məhkəmənin Plenumu NİDA-çıların (NİDA Vətəndaş Hərəkatı) işi üzrə məhkum olunmuş şəxslərdən dörd nəfərə bəraət verilməsi barədə qərar qəbul edib. Qərarda onlara ümumilikdə 188 min manat kompensasiya ödənilməsi də yer alıb. Nazirlər Komitəsi Azərbaycanı qalan ərizəçilərin işi üzrə də məhkumluqların yubanmadan ləğvi üçün səlahiyyətində olan bütün addımları atmağa çağırıb.
Hesabatda deyilir ki, Azərbaycan ötən il 51 iş üzrə dəyən ziyanı ödəyib, onların təxminən yarısı (23) qoyulan müddət ərzində ödənilib. 2021-ci il dekabrın 31-cən 58 iş üzrə ödəniş hələ təsdiqlənməmişdi.
AzadlıqRadiosu