Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 30 sutka inzibati həbs cəzası alan üzvü Elxan Əliyevin Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsində aclıq aksiyası keçirdiyi bildirilir.
Bu barədə “Turan”a partiyadan məlumat verilib.
AXCP-dən bildirilib ki, E.Əliyev bu gün, martın 23-də zəng edərək həbs olunan gündən (martın 19-dan) aclıq aksiyası keçirdiyini söyləyib.
Partiyadan qeyd olunub ki, o, saxlanan zaman avtomobilində olan pulun yoxa çıxmasına etiraz edir:
“Həbs olunduğu gün, martın 19-da Elxan Əliyev maşınını saxlayıb hansısa tanışı ilə söhbət edən zaman Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları onun çox kobudcasına əlini-qolunu buraraq öz maşınlarına mindirmək istəyib. Həmin vaxt Elxan bəy bildirib ki, maşınım açıqdır və maşında telefonum, bir də başqa insanın əmanəti, 2 min 500 manat pul var, imkan verin götürüm. Polislər imkan verməyiblər”.
AXCP-dən iddia olunur ki, məhkəmə zamanı E.Əliyev polis əməkdaşlarından həmin pulun aqibətini soruşub, amma müsbət cavab almayıb: “Elxan Əliyev telefonda vurğuladı ki, pul qayıtmayana qədər aclığı dayandırmayacaq”.
Bu deyilənlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
E.Əliyevin martın 19-da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə 30 sutka inzibati qaydada həbs olunduğu bildirilir. AXCP-dən onun həbsinin səbəbi tənqidi yazıları ilə izah edilir.
“AXCP funksioneri Elxan Əliyevi şərləyərək son altı ayda 3-cü dəfə 30 sutka müddətinə inzibati qaydada həbs etdiriblər. Tez-tez həbs olunmasının tək səbəbi sərt tənqidi yazılarıdır”, – partiyadan qeyd edilib.
Bu açıqlamaya da, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Daxili İşlər Nazirliyindən, bir qayda olaraq, Azərbaycanda insanların tənqidi mövqelərinə görə həbs edilməsi ilə bağlı deyilənləri əsaslı saymırlar.
AzadlıqRadiosu