Bu gün, dekabrın 21-də Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə məktəblərdə pul yığılması ilə bağlı suala da cavab verib. O deyib ki, məktəblərdə hansısa qeyri-qanuni yığımların olması və bununla bağlı ictimaiyyətin narahatlığı bugünün söhbəti deyil: “Hətta mən məktəbdə oxuyanda belə bu məsələlər var idi. Yəni bu bizim cəmiyyətin xronik bir problemidir”.
Onun sözlərinə görə, bu məsələnin həllində formatlardan biri belə ola bilər ki, valideynlər məktəbin idarəetməsində iştirak etməsinlər. Nazirin vurğulamasına görə, sosialist rejimində təxminən belə idi. O, sual edib: “Biz buna qayıtmaq istəyirikmi?”.
O daha sonra da deyib: “Dövlətin hamı üçün hər şey etmək imkanları yoxdur. Yəni burada son yoxdur, limit yoxdur. Nəyisə mənə görə dövlət etməlidir, nəyisə valideyn. Amma icbari təhsil, təbii ki, pulsuzdur. Söhbət burada icbari təhsilin pullu, ödənişli olmasından getmir”.
Nazir vurğulayıb ki, fikirlərinin təhrif olunmasini istəmir. O deyib ki, rüşvətin əleyhinədir. O, yenə sual edib: “Vətəndaşın, istəsə, bütün vergilərini ödəyəndən sonra əlində olan əlavə bir manatını məktəbə vermək hüquqi var, yoxsa yox? Bu, pisdirmi, günahdırmı, ayıbdırmı? Əgər bu, pisdirsə, günahdırsa, biz deməliyik ki, vətəndaş bunu etməməlidir”. Nazirin fikrincə, yox, əgər bu mümkün sayılarsa, onda cəmiyyət oturub sağlam, şəffaf sistem fikirləşməlidir.
azadlıq radiosu