“Beş ölkənin prokurorluğunda mənimlə bağlı dindirmələr aparılıb, əleyhimə bircə sübut da tapılmayıb”
Həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənov deyir ki, artıq dördüncü aydır, onun nəbzini həkimlər 100-dən aşağı sala bilmirlər. Bunun nəticəsi olaraq, son bir həftə ərzində ürək sancıları artıb. Sabiq səfirin sözlərinə görə, saxlandığı DTX-nın istintaq təcridxanasında da həkim vəziyyətin təhlükəli olduğunu deyir.
Eldar Həsənovun vəkilləri məhkəmədə bir neçə dəfə vəsatət qaldırıb ki, onun özünün etibar etdiyi həkimlər tərəfindən müayinəsinə şərait yaradılsın. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə baxan hakimlər bu vəsatətləri təmin etməyib. Bildirilib ki, istintaq təcridxanasının özünün tibb heyəti var, onlar lazımi tədbirlər görürlər.
Budəfəki məhkəmə iclasında Eldar Həsənov bildirib ki, sağlıq durumu təhlükəli həddədir, hətta hakimlərin özlərinin müəyyənləşdirdiyi istənilən həkim tərəfindən də müayinə olunmağa razıdır. Yeganə istəyi budur ki, vəziyyətində dəyişiklik olsun:
“Ötən həftənin cümə günü saxlandığım istintaq təcridxanasında rəsmi şəxslərin, o cümlədən həkimin, mənim vəkilimin iştirakıyla müzakirələr oldu. Həmçinin səhhətimlə bağlı məhkəmənin qərarı müzakirə olundu. Mənim üçün səhhətimlə bağlı danışmaq çox ağırdır. Dərmanların sayının çoxluğu dəhşətli fəsadlar verir. Bu baxımdan, sizdən xahiş edirəm, özünüzün tanıdığınız, bildiyiniz bir həkim verin, dərmanlarımın sayının azalmasına kömək eləsin”.
Eldar Həsənovun sözlərinə görə, həbsdə olduğu vaxt iki dəfə hospitalda stasionar qaydada müalicə alıb. Hər ikisində də baş həkim konsiliumda təlimat verib ki, dərmanların sayı azaldılsın, çünki həddindən artıq çoxdur və bu da orqanizmdə əlavə fəsadlar yaradır:
“Konsiliumda iştirak edən həkimlər kollegial olaraq mənə bildirdilər ki, dərmanlarımın sayını azaltmaq məsələsində məsuliyyəti heç bir həkim üzərinə götürmür. Bu gün qəbul etdiyim dərmanların sayı 31-ə çatıb. Məhkəmədə tibbi sənədlər var, 3 ay 8 gündür ki, mənim nəbzimi 100-dən aşağı sala bilmirlər. Bəzən 128-ə qədər qalxır. Mənim yaşımda, üç aydan artıq nəbzin 100-dən aşağı düşməməsi ağır nəticələrə gətirib çıxara bilər. Mən xroniki ürək xəstəliyinə görə dəfələrlə əməliyyat keçirmişəm. Təcridxanada bir həkim, bir tibb bacısı var. Məsuliyyətli, vicdanlı insanlardır. 7 gündür ki, dəhşətli ürək sancmalarından əziyyət çəkirəm. Bu, artıq ilkin əlamətlərdir. Möhtərəm hakim, özünüzü həm insanların, həm də Allahın qarşısında bu günahlara batırmayın. Kimi məsləhət bilirsinizsə, onun iştirakıyla müayinə olunmağıma icazə verin. Müdafiəçilərimin təqdim etdiyi çoxsaylı həkimlərin heç birinə icazə vermədiniz. Kimi məsləhət bilirsinizsə, bildirin, dərmanların sayının azaldılmasında və nəbzin aşağı salınmasında gəlib mənə kömək eləsin, ürək sancıları səngisin. Başqa xəstəliklərim haqda danışmaq istəmirəm”.
Sabiq səfir bildirib ki, əcnəbi həkimləri onun hazırkı durumunda uzaqdan da olsa, yardım edə bilmək üçün laborator müayinələrin nəticələrini istəyiblər. Lakin laboratoriya analizləri üçün də məhkəmənin razılıq məktubu olmalıdır:
“Mən 20 il müayinə olunduğum xəstəxananın Türkiyə və İsveçrədən olan həkimlərinin tövsiyəsilə laborator analizlər verməliyəm. DTX hospitalının laboratoriyası o analizləri götürmək imkanına malik deyil. Bakıda bir neçə laboratoriya var ki, orada həmin analizlər götürülür. Dərmanların sayının azaldılması üçün laborator analizlər zəruridir. Birmənalı dedilər ki, hakimin məktubu kifayətdir, onun əsasında laboratoriya analizləri məsələsini həll edə bilərik. Mən obyektiv həqiqəti çatdırıram, qalanını sizin özünüzə buraxıram. Hər şey qeyd olunur, tarix bilər, siz bilərsiz…”
Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası bu dəfə də Eldar Həsənova həkimlərlə bağlı məsələdə “yox” deyib.
“Mən cavabımı keçən dəfə demişəm. Məhkəmənin məktub verməsi məsələsinə gəlincə, özləri boyunlarına götürmək istəmirlər məsuliyyəti, ona görə belə eləyirlər”, – Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini Əfqan Hacıyev belə cavab verib.
Məhkəmə iclasında Serbiyada fəaliyyət göstərən “Total Treyd İnternational” MMC-nin direktoru Lubisa Tomaşeviçin istintaqa ifadəsi elan olunub. Bu ifadə öz ölkəsində prokurorluqda alınıb.
Şahid ifadəsində bildirib ki, Eldar Həsənovu tanımır:
“Ümumiyyətlə, Azərbaycan səfirliyindən heç kimi tanımıram. 2020-ci ildən “Total Treyd İnternational” MMC-nin direktoruyam. Şirkətin sahibi isə oğlumun kürəkəni Rəsuldur. Məhz Rəsul məndən əvvəlki direktor işdən çıxdıqdan sonra direktor vəzifəsini mənə həvalə edib. Hazırda şirkət koronavirusla əlaqədar onsuz da işləmir. Mən də formal direktoram. Pandemiya aradan qalxana qədər mənim maaşım da az olacaq. 18 min dinar alıram. Amma pensiyamı nəzərə alsaq, az da olsa, köməkdir”.
Vəkillər bildirib ki, bu ifadənin işə heç bir aidiyyəti yoxdur. Şahid də iş üçün əhəmiyyətli olan heç bir fikir səsləndirməyib.
“Biz Rəşad Namazovun əlavə şahid qismində çağırılıb dindirilməsiylə bağlı vəsatət verəndə prokuror dedi ki, bu işə aidiyyəti yoxdur. Bəs bu ifadədə işə aidiyyəti olan nə var? İfadəsi iş üçün heç bir əhəmiyyət kəsb etməyən bu adamı məhkəməyə çağırılacaq şahidlərin siyahısına daxil etməklə, prokurorluq faktiki işi lüzumsuz yerə uzadır”, – Valeh Mehrəliyev bildirib.
Digər vəkil Cavad Cavadov vurğulayıb ki, müstəntiq şahidin dediklərilə bağlı heç bir sual vermir, bir sıra məsələləri aydınlaşdırmayıb:
“Bir sual verilmir ki, ümumiyyətlə, bu şirkət nə ilə məşğuldur, nə vaxtdan fəaliyyət göstərir. Deyir ki, “şirkət oğlumun kürəkəni Rəsulundur”. Soruşulmur ki, bu Rəsul kimdir. Aydınlaşdırıcı bir sual verilmir, istintaq heç nəyi araşdırmır. Bu adamı məhkəməyə çağırılmalı şahidlərin siyahısına əlavə ediblər, amma Rəşad Namazovu yox. Niyə?”
Eldar Həsənov özü də birbaşa açıq şəkildə deməsə də, istintaq zamanı bir sıra şirkətlərin, o cümlədən “Total Treyd İnternational” MMC-nin onun ailə üzvlərilə əlaqələndirilməsi cəhdinə münasibət bildirib:
“Bu və buna bənzər şirkətlərin mənə nə aidiyyəti var? 11 aylıq istintaq dövründə araşdırma aparıb, hansısa bir şirkətin mənə və ya ailə üzvlərimə məxsusluğunu sübut edə bildilərmi? Əgər belə bir hal olsaydı, çoxdan üzə çıxardı. Avropada hər şey açıq şəkildə görünür. Şirkətin oğlunun kürəkəninə məxsusluğuna gəlincə, mənim bir oğlum var, 31 yaşındadır, hələ heç evli deyil.
Məhkəmə heyətindən tək bir xahişim var. Baş Prokurorluğun İstintaq İdarəsinin qoyduğu suallar əsasında 5 ölkənin prokurorlarının hazırladıqları dindirmə protokolları var. O protokolları qoyun, görün, mənə qarşı bircə sübut varmı? Mənim fəaliyyətim son 20 ildə xaricdə olub. Verilən ittihamlar da xaricdəki fəaliyyətimlə bağlıdır. Suallar İstintaq İdarəsi tərəfindən hazırlanıb və beynəlxalq tapşırıq əsasında icra üçün göndərilib. Həmin suallar əsasında dindirmələr həyata keçirilib. O dindirmə protokollarını mənə verilən ittihamlarla yanaşı qoyun. Siz təcrübəli hakim olaraq, qəti qənaətə gələcəksiniz ki, Eldar Həsənovun əməlində cinayət yoxdur, mənim hər hansı cinayətlə əlaqəm olmayıb. Dindirmə protokolları birmənalı hər şeyi sübut edir və bəraət hökmü çıxarmaq üçün kifayət qədər əsas verir”.
Bundan əvvəlki məhkəmə iclaslarında hakim bildirib ki, iş üzrə şahid qismində tanınan bir sıra əcnəbilər dekabrın 22-də xaricdən gəlib, məhkəmədə dindiriləcək. Sabiq səfir deyir ki, bir aydır məhkəmə bu səbəbdən süni şəkildə yubadılır:
“Son bir ayda məhkəmə prosesinin süni şəkildə uzadılmasına etirazımı bildirirəm. Hər məhkəmə iclasında bir şahid ifadəsi elan olunur və bununla da proses başa çatır. Xaricdən gətirilib dindirilməli şahidlər vardısa da, bu, indiyə saxlanmalı deyildi, əvvəldən tədbir görülməliydi ki, vaxtında gəlsinlər, proses yubanmasın. Müdafiəçilərin 35 gün əvvəl məhkəməyə ünvanladığı vəsatətlərdə sübutların obyektiv dəyərləndirilməsi məqsədilə 5-6 nəfər əcnəbi, iki nəfər isə Azərbaycan vətəndaşlarının şahid qismində çağırılması məsələsi qoyulmuşdu. Vəsatətimiz baxılmamış saxlandı. Bu qərar da əsaslandırılmadı, sadəcə, iki kəlmə ilə baxılmamış saxlandığı bildirildi. Nəzərə alın ki, ilin sonudur, qarşıdan Milad bayramı gəlir. Əcnəbilərin gətirilməsi bu baxımdan çətin olacaq. Həmin şəxslərin məhkəməyə vaxtında gəlməsi baxımından bu vəsatətlərin vaxt itirmədən təmin olunmasını, onların çağırılması üçün məktubların göndərilməsini zəruri hesab edirəm”.
Məhkəmə prosesi dekabrın 17-də davam edəcək.
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013-cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.
Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir: “Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.
Meydan TV