“Azərbaycanda əsas narahatlıq doğuran hakimiyyəti tənqid edənlərə qarşı uzun müddət davam edən repressiya nümunəsidir”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın monitorinqi üzrə məruzəçiləri Stefan Şennax (Avstriya, SOC) və Riçard Bekon (Birləşmiş Krallıq, AK/DA) Saleh Rüstəmovun səhhətindən ciddi narahat olduqlarını bildiriblər.
Hər iki məruzəçi dekabrın 12-də artıq 38 gün aclıq aksiyası keçirən Saleh Rüstəmovla bağlı bəyanat yayıblar.
Bəyanatda “Saleh Rüstəmovun işi ədalətin müstəqil olmamasının bir çox nümunələrindən biridir”, deyə qiymətləndirilib.
Məruzəçilər qeyd edib ki, Azərbaycanda əsas narahatlıq doğuran hakimiyyəti tənqid edənlərə qarşı uzun müddət davam edən repressiya nümunəsidir:
“Müxalifət siyasətçiləri, hüquq müdafiəçiləri, müstəqil jurnalistlər təqiblərə məruz qalmaqda davam edir və həbsdə olan hökuməti tənqid edənlərə qarşı işgəncə və digər pis rəftar xəbərləri geniş yayılmaqdadır”.
“Azərbaycanda siyasi məhbuslarla bağlı Assambleyanın bu yaxınlarda qəbul etdiyi 2322 (2020) saylı Qərarına istinad edərək, biz Azərbaycan hakimiyyətini bütün iddia edilən siyasi məhbusların işlərinə yenidən baxmağa çağırırıq. Xüsusilə, hakimiyyəti cənab Rüstəmovu humanitar əsaslarla onun məhkəməsinə yenidən müstəqil və ədalətli baxılana qədər dərhal azad etməyə çağırırıq”, – deyə məruzəçilər daha sonra bildirib.
Dekabrın 11-də ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Saleh Rüstəmovu azad etməyə çağıran açıqlama yayıb. Elə həmin gün də AXCP-nin qadın fəalları Bakıda Saleh Rüstəmov azad edilməsi ilə bağlı aksiyaya cəhd etmişdi.
Xatırlatma
AXCP sədri Əli Kərimliyə maddi yardım göstərməkdə ittiham olunan və 2018-ci ildə həbs edilərək 7 il 3 ay azadlıqdan məhrum edilən Saleh Rüstəmov artıq 38 gündür ki, aclıq aksiyası keçirir. Onun səhhətinin pisləşdiyi, çəki itirdiyi və həyatı üçün təhlükə yarandığı bildirilir. Saleh Rüstəmov həbsdən azad edilməsini, ailə üzvlərinin əmlakına və ata evinə qoyulan müsadirə qərarının ləğv olunmasını tələb edir.
O, Ombudsman Səbinə Əliyevanın və digər səlahiyyətli şəxslərin, yaxınlarının aclığı dayandırmaqla bağlı xahişlərini rədd edib.
Bir qrup ziyalı, jurnalist və hüquq müdafiəçisi Saleh Rüstəmovun tələblərini yerinə yetirilməsi üçün ölkə rəhbərliyinə, ictimaiyyətə müraciət edib. Bugünədək rəsmi olaraq heç bir addım atılmayıb. Buna görə də bir qrup fəal dekabrın 1-də aksiya keçirib. Həmin aksiyada fəallar polis zorakılığı ilə üzləşib, saxlanılanlar və xəsarət alanlar var.
Meydan TV