Sentyabrın 22 – də Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun işi üzrə prosesdə dövlət ittihamçısı çıxış edib. O, məhkəmədən Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Əhmədov 15 aprel 2020-ci ildə saxlanılıb. Növbəti gün məhkəmə onu 30 sutka həbs edərək İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin rejiminin pozulması) və 535-ci (polisə tabe olmamaq) maddələrilə təqsirli bilib.
Daha sonra onu 214-1-ci (terrorizmin maliyyələşdirilməsi) maddəsilə ittiham ediblər. Əsasən istintaq bildirib ki, o, “terror aktları törətmək məqsədilə” Almaniyada yaşayan müxalifətçi Habil Məmmədovdan pul alıb.
Əhmədovun həbsinin əsl səbəbi partiya liderinə təzyiqdir. Belə ki, istintaq Əhmədovu Əli Kərimlinin barəsində ifadə verməyə məcbur etməyə çalışıb, ancaq o, çoxsaylı işgəncələrə tab gətirib. Hakimiyyətin belə sərt təzyiqi onun Xalq Cəbhəsi Partiyasını məhv etmək ideyasından əl çəkməməsilə bağlıdır.
Turan