Barəsində həbs qətimkan tədbiri seçilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətovun ailəsi ağır sosial duruma düşüb. Bu səbəbdən Hümbətovun həyat yoldaşı hökumətdən yardım istəyir.
“Həyat yoldaşımı siyası fəallığına görə şərləyərək 3 aylıq Şüvələn təcridxanasına salıblar. Ailədə 3 körpə uşaq var. Uşaqları evdə qoyub ərzaq dalınca gedə bilmirəm. Zirə qəsəbəsində elə yerdə yaşayırıq ki, yaxında ərzaq dükanları yoxdur, gərək bir necə kilometr məsafə qət edəsən. Uşaqlara məndən başqa baxan yoxdur, pulum qurtarıb, nə mağazaya gedə bilirəm, nə də getsəm ərzaq almağa pulum yoxdur. Evdə elektrik şəbəkəsi təhlükəli vəziyyətdədir, su çəni axır. Aqili yalan ifadələrlə guya qonşuya hücüm etməsinə görə həbs ediblər. Ərimi zindana salanlar indi uşaqlarının qeydinə qalsınlar. İlham Əliyevə səslənirəm: üc körpə uşaq acdır. Zirə bələdiyyəsi yardım etmir, kənd icra hakimiyyətindən telefon zənglərimə cavab vermirlər. Prezident ailəmizin qeydinə qalsın. Aqili azadlığa buraxsınlar, mən tək balalarımın ehtiyaclarını ödəyə bilmirəm,” Hümbətova Turan agentliyinə bildirib.
Aqil Hümbətov avqustun 11-də Zirə qəsəbəsində Yamən Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.
Hümbətova qarşı Cinayət Məcəlləsinin 126.2.4-ci maddəsi ilə (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb və barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.
AXCP fəalı bundan öncə 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib.
AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb olduğunu bildirib.
Bakının Zirə qəsəbəsinin sakini olan Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.
Bundan sonra Hümbətov 2020-ci ilin aprelində və iyununda Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.
Turan