Zaqatalanın Aşağı Tala kəndində içməli su qıtlığı

tərəfindən Gozetci

Kənd sakinləri içməli suyun fasilələrlə verilməsindən, lilli olmasından şikayətlənirlər

“Bizim kənddə içməli su məsələsi çox ciddidir. Yay başlayandan – iyun ayından bizdə bu problem var. Dağdan su götürürlər, bir balaca sel olan kimi su oranı yuyub aparır. Əslində gün ərzində verilməli olan suyu iki gündən bir iki, bəzən də üç saat verirlər. Suyun fasilərlərlə verilməsini də onunla əsaslandırırlar ki, istilərlə əlaqədar çayın suyu azalıb”.

Bunu Aşağı Tala kənd sakinləri adından Ramazan Muxtarlı “Gözətçi”yə danışıb. Onun sözlərinə görə, belə olan halda əhali məcbur olub içməli suyu pulla alır.

“İçəmli suyun maşınla gətirilməsi bizə 7-8 manata başa gəlir. Havaların isti keçməsini nəzərə alsaq, buna görə də, hər ailə ayda əlavə olaraq su gətirən maşınlara xeyli pul verməli olur. Kənd camaatının çoxu bunu maddi baxımdan çatdıra bilmir. Kəndin böyük bir hissəsi isə susuzdur, bu problem Yuxarı Tala kəndində də var”.

Ramazan Muxtarlının sözlərinə görə, kənddə su xətlərinə nəzarət yoxdur, kimin imkanı varsa, özünə əlavə su xətti çəkdirir, imkanı olmayan isə içməli sudan əziyyət çəkir.

“Birinci Taladan ikinci Talaya ana xətt gəlir. İmkanı olan birbaşa ana xəttdən özünə su çəkdirir. Suyu on beşlik boru ilə deyil, əllilik boru ilə çəkdirirlər. Bu isə digər ailələrə gələn suyun qarşısının kəsilməsi deməkdir. Etiraz edəndə də, deyirlər ki, “mən bələdiyyəyə pul verib bu xətti çəkdirmişəm”.

Şikayətçi bildirir ki, sakinlər su problem ilə bağlı dəfələrlə Zaqatala rayonundakı aidiyyatı qurumlara da müraciət ediblər, ancaq şikayətləri cavabsız qalıb.

“Zaqatala rayon İcra Hakimiyyətinə, daha sonra da “Azərsu”ya şikayət etdik. “Azərsu”dan bildirdilər ki, siz bizim nəzarətimizdə deyilsiniz, bələdiyyəyə müraciət edin. Bələdiyyə də deyir ki, “maddi cəhətdən imkanım yoxdur”. Amma bu da heç də doğru bir cavab deyil. Halbuki hər ay bizdən su pulu, torpaq pulu yığırlar”.

Məsələ ilə bağlı Aşağı Tala Bələdiyyəsi ilə əlaqə saxlamağa çalışaq da, zənglərə cavab vrən olmadı.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az