Eldar Həsənovun məhkəməsinə yalnız Prezident Administrasiyasının siyahısında olan jurnalistlər buraxılır

tərəfindən Gozetci

Keçmiş Baş prokuror məhkəmə qarşısına çıxarılır

Keçmiş Baş prokuror və səfir Eldar Həsənov avqustun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

Məhkəmə prosesini izləməyə gələn jurnalistlər zala buraxılmayıb. Məlum olub ki, bu məhkəmədə iştirak edə biləcək media orqanlarının siyahısı Prezident Admnistrasiyasında tərtib olunaraq, məhkəməyə göndərilib. Həmin siyahıda APA, “Trend” agentlikləri, “AzərTac” və telekanalların adları var.

Eldar Həsənovun işinə məhkəmənin sədr müavini Əfqan Hacıyev baxır. O bildirib ki, qanuna görə, təqsirləndirilən şəxsə məhkəmə bildirişi göndəriləndən sonra 7 gün keçməlidir ki, onun işi üzrə məhkəmənin hazırlıq iclası olsun. Eldar Həsənova bildiriş avqustun 20-də göndərilib və bu müddət hələ tamam olmayıb. Ona görə də hazırlıq iclası keçirilə bilməz.

Eldar Həsənovun vəkili məhkəmə zalına onun yaxınları və media nümayəndələrinin buraxılmamasına etiraz edib, məhkəmənin daha böyük zalda keçirilməsini istəyib.

Hakim deyib ki, məhkəmə iclası keçirilmədiyinə görə bu məsələlər də növbəti iclasda müzakirə olunacaq.

Eldar Həsənovun 2020-ci il avqustun 13-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. O, 2010-2020-ci illərdə əvvəl Rumıniyada, daha sonra Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir olarkən səfirliklər üçün binaların alınması, təmir-tikinti işlərilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq mənimsəmədə, 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş vəsaiti leqallaşdırmaqda, 192 min manat büdcə vəsaitindən təyinatı üzrə istifadə etməməkdə təqsirləndirilir.

Keçmiş səfir bu ittihamları qəbul etmir, özünü təqsirli bilmir: “Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az