Aydın Xudiyev Kamran Əliyevə müraciət edib
Mart ayında əfv sərəncamıyla azadlığa buraxılan Aydın Xudiyev saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsində işgəncəyə məruz qaldığını iddia edir.
Bu barədə Meydan TV-yə Aydın Xudiyev məlumat verib.
O, Baş prokuror Kamran Əliyevə şikayətində bildirib ki, 2016-cı il iyunun 18-də – məhkəmə hökmündən sonra 6 saylı Cəzaçəkmə Müəssisəsində üzərində şəxsi axtarış aparılıb:
“Həmin vaxt müəssisə rəisinin növbətçi köməkçisi, 1982-ci il təvəllüdlü kapitan Ceyhun Həsənov məhkum olunan şəxslərin qəbulunu keçirirdi. Ceyhun Həsənov axtarış zamanı çantamda olan 175 manatı özünə götürdü, məni isə başqa bir məhkumla birlikdə cərimə təcridxanasının kamerasına saldı. Axşam saat 19 radələrində nahar zamanı Ceyhun Həsənovdan pulumu geri qaytarmasını xahiş etdim, ancaq o, pulumu qaytarmadı. Buna görə mən hadisəni növbətçi mayor Şabanova (adını unutmuşam) danışdım. Bu, mənim üçün faciə ilə nəticələndi. Bundan sonra mənim ağır fiziki və mənəvi iztirablı günlərim başladı. Belə ki, az müddət sonra Ceyhun Həsənov saxlanıldığım kameraya daxil olaraq mənə, atası yaşında ziyalı insana işgəncə verməyə başladı. O durmadan üzümə yumruq və sillələr vurdu. Bu işgəncə başqa məhkumun yanında baş verdi. Mən qışqıraraq kömək istəsəm də, kömək edən olmadı. Hadisə barədə növbəti gün 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Əli Əmirova məlumat versəm də, şikayətimə baxan olmadı”.
Aydın Xudiyevin sözlərinə görə, o, sonradan da Ceyhun Həsənovdan pulunun geri qaytarmasını istəyib:
“Ancaq Həsənov mənə ağır işgəncə verməsini xatırladaraq pulu bir daha istəməməyimi tələb etdi. Mən ondan rəhbərliyə şikayət edəcəyimi deyəndə o, buna görə məndən qisas alacığını söylədi. 2018-ci ilin iyulun 9-da Ceyhun Həsənov məni yenidən cərimə təcridxanasına salaraq, qolumu yatacağın dəmir hissələrinə qandallayaraq üzümə və qarnıma ağır zərbələr endirdi. Qandalın sağ qolumu bərk sıxması nəticəsində qan dövranı zəifləyərək damarımda tromboz əmələ gətirdi. Bu, mənə dözülməz ağrı verdi, təsəvvür edin ki, 2 saat yatacaqdan qandallı vəziyyətdə qaldım. Artıq ölümcül vəziyyətdə olduğumu görüb, Ceyhun Həsənovdan qollarımdan qandalları açmasını istədim. Lakin o, bundan daha da qəzəblənərək mənə ağır işgəncələr verməyə davam etdi. Sanki ölməyimi, bununla da probleminin, ondan daimi olaraq pulumu geri istəməyimi, qurtarmasını istəyirdi. Mənə verilən ağır, dözülməz işgəncələrdən huşumu itirdim. Bu hadisədən xəbər tutan müəssisəsi yeni rəhbəri məni cərimə təcridxanasından çıxartdırdı”.
Aydın Xudiyev qeyd edib ki, ona işgəncələrin verildiyi cərimə təcridxanasında müşahidə kameraları yoxdur:
“Kameraların olmaması cəzaçəkmə müəssisəsinin əməkdaşlarının qanunsuz əməllər törətməsinə münbit şərait yaradır. Bütün bunlardan sonra Penitensiar Xidmətin rəhbərliyinə məlumat verildi. Qəribədir ki, bilmədiyim müəyyən səbəblərdən rəhbərliyin əmri ilə Ceyhun Həsənov 6 saylı Cəzaçəkmə Müəssisəsindəki vəzifəsindən xaric edildi, ardınca rütbəsi azaldılaraq 9 saylı Cəzaçəkmə Müəssisəsinə göndərildi”.
Aydın Xudiyev həbsxanada aldığı ağır işgəncələr nəticəsində sağlamlığını itirdiyini deyir:
“Xüsusilə sağ qolumda hələ də işgəncənin izi qalır. Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsinin tibbi-sanitariya rəisi, tibb xidməti mayoru Əziz Salmanov tərəfindən verilmiş tibbi arayışda da ağır işgəncə nəticəsində mənə yetirilmiş fiziki xəsarətlər qeyd edilib. Belə ki, mənə işgəncə verilməsi nəticəsində “sağ bazunun səthi venalarının varikoz genəlməsi, burun arakəsməsinin əyilməsi, böyrəkdaşı xəstəliyi, soltərəfli qazanılmış, yerinə düzələn qasıq yırtığı, xroniki hepatoxolesistitin kəskinləşməsi” diaqnozu qoyulub. İşgəncə və ağır fiziki zərər nəticəsində xəsarətlərə görə indi də ambulator və stasionar müalicə alıram! Amma bunlara rəğmən Ceyhun Həsənov törətdiyi əmələ görə cəzasız qalıb. Qanunun tələblərini heçə sayan birinin ədliyyə sistemində qalması yolverilməzdir. Cənab Baş prokuror, Ceyhun Həsənovun bu cür rəftarlarına görə ədliyyə sistemində qalması yolverilməzdir”.
Aydın Xudiyev 2015-ci ildə Cinayət Məcəlləsinin 216-cı maddəsilə (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ittiham olunaraq həbs edilib.
O, bir il sonra Ağır Cinayətlər Üzrə Məhkəmənin hökmüylə 7 il azadlıqdan məhrum edilib. 2021-ci ilin martında əfv sərəncamıyla azad edilib.
Meydan TV