Vəkil: Müvəkkillərimi mənim xidmətimdən imtinaya məcbur edirlər

tərəfindən Gozetci

“Təkcə Şəmkirdə 3 belə hal baş verib”

Azərbaycanın əsasən Qərb bölgəsində fəaliyyət göstərən vəkil Zabil Qəhrəmanov hüquq-mühafizə orqanlarından narazıdır. Vəkil deyir ki, bu qurumların vətəndaşlara qarşı qanunsuz davranışlarına, özbaşınalıqlarına göz yummadığına görə özü də təzyiqlərə məruz qalır.

“Son vaxtlar üç belə hal baş verib”

Zabil Qəhrəmanov Meydan TV-yə bildirib ki, hüquqlarını müdafiə etmək üçün müqavilə bağladığı müvəkkillərini vəkil kimi onun xidmətindən imtinaya məcbur edirlər. Vəkilin sözlərinə görə, son vaxtlar təkcə Şəmkirdə ona qarşı üç belə hal baş verib: “Adamları tutub aparıb döyürlər, işgəncə verirlər. Vəkil kimi işə qoşulub, baş verən qanunsuzluqları ortaya çıxaranda əl-ayağa düşüb, təqsirləndirilən şəxslərin yaxınlarına deyirlər ki, məndən imtina eləsinlər. Vəd verirlər ki, vəkil kimi məndən imtina eləsələr, həbsdə olan yaxınlarına kömək olunacaq”.

Vəkilin sözlərinə görə, bu hallardan biri Yusif Lətif oğlu Orucovun müdafiə prosesində baş verib: “Onun müdafiəçisi mən idim. Onu narkotik satıcısı kimi həbs eləmişdilər. Fiziki təzyiqlərlə bağlı özü də məhkəmədə şikayətlənmişdi. Ona təzyiq olunurdu ki, vəkil kimi, mənim xidmətimdən imtina eləsin. Bir müddət sonra istədiklərinə nail oldular…”

“Bu mesajı vəkil həmkarlarımdan biri çatdırıb”

Vəkil deyir ki, ikinci oxşar hadisə Emin Tağıyev adlı şəxslə yaşanıb. Bu da Şəmkirdə baş verib: “Emin Tağıyev deyirdi ki, narkotiki qardaşı verib. Qardaşı da bunu təsdiqləyirdi və Baş Prokurorluğa, Şəmkir Prokurorluğuna məktub yazıb bildirmişdi ki, qardaşını döyməsinlər, həqiqətən Eminə narkotiki o verib. Bu günə qədər də qardaşını dindirmirlər. Amma qohumlarını çağırıb deyirlər ki, Zabil Qəhrəmanovdan imtina eləyin, onun buraxılmaq məsələsini həll eləyək. Bu mesajı da vəkil həmkarlarımdan biri həmin şəxsin qohumlarına çatdırıb”.

Prokurorluq toy olduğunu deyir

Bugünlərdə Şəmkirdə həbs olunan iş adamı, “Qala” restoranının sahibi Tural Zeynalovun vəkili də Zabil Qəhrəmanovdur. Müdafiəçi deyir ki, bənzər hadisələr onunla da da yaşanır: “Müdafiəçi kimi, məndən imtina etməsi üçün ona da təzyiq göstərirlər…”

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, karantin rejimi dövründə toyların qadağan olunmasına baxmayaraq, Tural Zeynalovun rəhbərlik etdiyi “Qala” restoranında iyunun 22-də günorta saat 2 radələrində toy təşkil olunub. Polis əməkdaşları bunun qarşısını alarkən insident yaşanıb. Nəticədə Tural Zeynalov Şəmkir rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi Vüqar Qarayevə xəsarət yetirib.

Bu üzdən Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Tural Zeynalov həbs olunub.

Qərar

“Burnunu da sındırıblar”

Tural Zeynalovun atası Allahverdi Zeynalov isə hadisənin rəsmi açıqlamada təsvir edildiyindən çox fərqli baş verdiyini, həm özünün, həm də oğlunun zorakılığa məruz qaldığını deyir. Onun sözlərinə görə, həmin gün restoranda toy olmayıb: “Qarabağ qazisi nikah bağlamışdı, öz qohum-əqrabası ilə restoranda açıq havada yeyib-içirdilər. Restoranda insanlar necə yemək yeyirlərsə, burada da elə. Polislər gəlib içəri girdi, Vüqar məni vurdu, yıxıldım. Mən xərçəng xəstəsiyəm, özüm də yaşlı adamam. Tural etiraz elədi ki, ayıbdır, bu nə hərəkətdir eləyirsən? Oğlumu tutub polis şöbəsinə apardılar…”

Allahverdi Zeynalov oğlunun Şəmkir Rayon Polis Şöbəsində fiziki təzyiqlərə məruz qaldığını da əlavə edib.

Vəkil Zabil Qəhrəmanov isə “Qala” restoranında karantin rejimi qaydalarının pozulması barədə rəsmi açıqlamada göstərilənlərlə razılaşmır. Müdafiəçi deyir ki, həmin gün restoranda olan vətəndaşlar məhkəməyə aparılaraq hakim qarşısına çıxarılıb. Amma hakim onların əməlində İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin rejimi qaydalarının pozulması) maddəsinin tərkib əlamətlərinin olmadığı qənaətinə gəlib: “Tural Zeynalov Qarabağ qazilərinə, şəhid ailələrinə yardım edən, vətənpərvər bir insandır. Kəlbəcərdə kazarmanın inşasına qədər maddi kömək edib. Nəticəsi də bu. Burnunu da sındırıblar…”

“7 dəfə karantin rejimini pozub”

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan Tural Zeynalovun qanunsuz saxlanması, ona və digərlərinə qarşı zor tətbiq olunması barədə iddiaların əsassız, böhtan olduğu bildirilib:

“Tural Zeynalovun obyektində bundan əvvəl də 7 dəfə karantin rejiminin pozulması aşkar edilərək, barəsində inzibati tədbir görülüb. Bundan başqa o, polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, komendant rejimini və karantin qaydalarını pozduğuna görə, barəsində İnzibati Xətalar məcəlləsinin 510 (xırda xuliqanlıq), 517 (fövqəladə vəziyyət rejiminin tələblərinin pozulması ), 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Tural Zeynalov 15 sutka inzibati həbs olunub”.

Tural Zeynalov son parlament seçkilərində 99 saylı Şəmkir seçki dairəsindən deputatlığa namizəd olub.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az