Göyçay sakini Xəlil Məmmədli “Gözətçi”yə bildirib ki, ona 2013-cü ildən təyin edilən ikinci dərəcəli əlillik pensiyası bu ilin fevral ayından dayandırılıb.
“Əlillik pensiyasının yenidən təyin edilməsi üçün rayonun Dövlət Sosial Müdafiə Fonduna (DSMF) müraciət etdim. Ancaq oradan bildirdilər ki, əlillik pensiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən dayandırılıb. Dedilər “get Bakıya, onlara şikayət elə”. Mən də mart ayında Bakıda Tibbi-Sosial Ekspert Komissiyasında oldum. Bütün sənədlərim Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən ƏƏSMN-nin alt sisteminə daxil edildi. Ancaq “müalicə olunmaq tövsiyyəsi verilib” adı ilə imtina cavabı gəldi”.
Qeyd edək ki, Xəlil Məmmədli 1996-cı ildən “Sağ üçlü sinirin I-II-III şaxələrinin nevralgiyası, Üçlü sinirin cərrahi əməliyyatdan sonrakı hal. Güclü kökçük ağrıları” diqanozu ilə müalicə alır. O, 2013-cü ilin iyun ayında Tehranda, 2019-cu ilin yanvar ayında və 2020-ci ili mayında Bakıda Respublika Neyrocərrahiyyə Xəstəxanasında əməliyyat olunub.
“Gözətçi” olaraq məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilib.