Sumqayıt şəhər sakini Elsevən Məmmədov “Gözətçi”yə bildirib ki, məskunlaşdığı 15-ci məhəllə 85 saylı yataqxana illərdir qəzalı vəziyyətdədir, antisanitar vəziyyət baş alıb gedir.
“Qərbi Azərbaycan qaçqınıyam. Daha əvvəl 20 il Sumqayıt şəhəri 15-ci məhəllədə yerləşən Dövlət Neft və Sənaye Universitetinin (AZİ) 1 saylı tələbə yataqxanasında yaşamışıq. 2019-cu ilin dekabr ayından dörd ailə üzvümlə 85 saylı yataqxanaya köçürülmüşəm. Buraya müvəqqəti köçürüldüyümüzü bildirsələr də, bir ildən artıqdır ki, burada qəzalı və antisanitar şəraitdə yaşayırıq”.
Şikayətçinin sözlərinə görə, yataqxananın antisanitar şəraitdə olması nəticəsində qız övladının əlləri-ayaqları səpib. “Müalicəsinə 850 manata yaxın xərc çəkmişəm, ancaq hələ də borcumu ödəyib bitirməmişəm”.
E. Məmmədov deyir ki, yataqxanada məskunlaşan 35 ailə adından yataqxananın vəziyyət ilə bağlı dəfələrlə Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısına və onun birinci müavininə, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstismar İdarəsinə rəsmi şəkildə müraciətlər etsələr də, şikayətləri cavabsız qalıb.
Qarşı tərəfin möbqeyini dərc etməyə hazırıq.