Hüquq müdafiəçisinə yenə “yox” deyildi

tərəfindən Gozetci

Məhkəmə şikayəti təmin etmədi

“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov üzərindəki məhkumluğun götürülməsini istəyir. Ancaq mayın 25-də növbəti dəfə məhkəmə bu məsələdə ona rədd cavabı verib.

Birinci dəfə Binəqədi Rayon Məhkəməsində Rüfət Səfərovun bu barədə ərizəsinə baxılsa da, təmin olunmamışdı. O, həmin qərardan apelyasiya şikayəti vermişdi. Mayın 25-də Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyilə şikayətə baxılıb.

Rüfət Səfərov bildirib ki, 2016-cı ildə onun haqqında heç bir sübut-dəlilə söykənməyən ittiham hökmü çıxarılıb. Həmin əsassız hökmlə o, məhkum edilib. 2019-cu ildə azadlığa çıxsa da, üzərində məhkumluq qalır:

“Test və müsahibə mərhələlərində iştirak etməklə, Vəkillər Kollegiyasının üzvü olmaq istəyirəm. Üzərimdə məhkumluq olduğuna görə isə qanunvericilik vəkil kimi fəaliyyət göstərməyimə imkan vermir. Gərək üzərimdən məhkumluq götürülsün…”

Prokuror Rüfət Səfərovun üzərindən məhkumluğun götürülməsinə etiraz edib.

Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası da apelyasiya şikayətini təmin etməyib.

Rüfət Səfərov Ali Məhkəməyə müraciət etmək niyyətindədir.

Rüfət Səfərov 2015-ci ilin dekabrında Azərbaycanda insan hüquqlarının pozulmasına, prokurorluq sistemində özbaşınalıqlara, qanunların aliliyi prinsipinə əməl olunmamasına etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini açıqlayıb. Bundan sonra onun haqqında cinayət işi başlanıb və həbs edilib. Təxminən bir həftə həbsdə saxlandıqdan sonra sonra ev dustaqlığına buraxılsa da, Rüfət Səfərov hökumətlə bağlı tənqidi fikirlərini davam etdirib. O, 2016-cı ilin sentyabrında məhkəmə zalında həbs olunub – 9 il azadlıqdan məhrum edilib. Ancaq 2019-cu ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az