“Əgər bizim həbsimiz bu ölkəyə, bu xalqa müsbət nəsə verəcəksə, biz o həbsi sevə-sevə yaşamağa hazırıq”
2020-ci ilin iyulunda Tovuz hadisələrindən sonra Bakıda keçirilən Orduya dəstək yürüşünə görə mühakimə olunan AXCP funksionerləri məhkəmənin gedişindən narazıdır. Onlar deyir ki, özləri və vəkillərinin həqiqəti üzə çıxarmaq məqsədilə qaldırdıqları vəsatətlərin heç biri təmin olunmur, polislərin ifadələrindəki ziddiyyətlər araşdırılmır və s. İddia olunur ki, məqsəd məhkəmənin sonunda onları təqsirli hesab edib, barələrində ittiham hökmü çıxarmaq və bu iş üzrə mühakimə olunan 15 nəfər AXCP funksionerindən ən azı, 7-8 nəfərə bir neçə illik həbs cəzası verməkdir.
Bu cinayət işi üzrə mühakimə olunanlardan biri – AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı deyir ki, artıq məhkəmə prosesi sona yaxınlaşır. Prosesin gedişi təqsirləndirilən şəxslərdən bəzilərinin həbs olunmasıyla bağlı niyyətin olmasından xəbər verir.
AXCP funksioneri vurğulayıb ki, məhkəmə prosesinin gedişi irəli sürülən ittihamların iflas etdiyini, hər hansı dəlilə söykənmədiyini, sadəcə, əsassız iddia olduğunu ortaya qoydu: “Həm bu səbəbdən, həm də Qarabağa dəstək üçün keçirilən aksiyadan istifadə edib, siyasi müxalifət rəhbərliyində olan şəxsləri həbs etmək cəmiyyətdə əks reaksiya doğuracaq. Azərbaycan cəmiyyətinin Qarabağ məsələsinə həssaslığı bəllidir. Bu baxımdan cəmiyyətin “Qarabağ məhbusları” kimi tanıdığı şəxsləri həbs etmək, iqtidarın 44 günlük savaşdan qalan nə ictimai nüfuzu vardısa, onu da zay edəcək”.
Fuad Qəhrəmanlı hesab edir ki, onlar haqqında həbs qərarı verilməsi hakimiyyət üçün ciddi fəsadlara yol aça bilər.
Təqsirləndirilən şəxslərdən AXCP Rəyasət Heyətinin başqa bir üzvü Ayaz Məhərrəmli də hesab edir ki, hakimiyyət Qarabağ məhbuslarını yenidən həbs etmək qərarı versə, özünə zərbə vurmuş olacaq: “Ondan sonra daha əlillərin, qazilərin şəhid ailələrinin etirazları dinəcək, daha gündə bir qazi intihar həddinə gətirilməyəcək? Bəlkə bu siyasi sifarişi verənlər düşünürlər ki, bizi yenidən həbsə atmaqla İlham Əliyevin 44 günlük savaşdan sonra qazandığı reytinqin hazırda yerlə bir olmasının qarşısı alınacaq? Bəlkə ondan sonra bahalaşma, iqtisadi tənəzzül, iqtisadiyyatdakı kiçilmə dayanacaq? Əgər heç olmasa, bunlardan biri olacaqsa, buyursunlar, bizi yenidən həbsxanaya geri qaytarsınlar. Onsuz da biz həyatımızı bu xalqın rifahına, istiqlalına həsr etmiş adamlarıq. Əgər bizim həbsimiz bu ölkəyə, bu xalqa müsbət nəsə verəcəksə, biz o həbsi sevə-sevə yaşamağa hazırıq”.
2020-ci il iyulun 14-dən 15-nə keçən gecə Bakda Qarabağa və Orduya dəstək yürüşü keçirilib və orada bir sıra olaylar baş verib – maşınlar aşırılıb, bir qrup şəxs Milli Məclisin binasına daxil olub və s. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.
Bu cinayət işi üzrə 37 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması, qəsdən bədənə az ağır xəsarət yetirmə ittihamları irəli sürülüb. AXCP Rəyasət Heyətinin iki üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə bunlarla yanaşı hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı da verilib. İstintaqın sonunda bu ittiham hər ikisindən götürülüb.
Bu maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Yürüşə görə həbs olunanlar, o cümlədən 15 nəfər AXCP funksioneri 2020-ci ilin noyabr-dekabr aylarında ev dustaqlığına buraxılıb. Təqsirləndirilən şəxslər arasında Müsəlman Birliyi Hərəkatının, Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvləri, Naxçıvan Muxtar Respublikası Daxili işlər nazirinin müavini olmuş Siyavuş Mustafayev də var.
Meydan TV