Xaqani Həbibov son üç ayda əlillik pensiyasının dayandırılmasından şikayətçidir. Bakı şəhəri Suraxanı rayonun Əmircan qəsəbəsində ev 2, mənzil 63-də yaşayan Xaqani Həbibov deyir ki, 2012-ci ilin may ayında beyin insultu keçirib. 2013-cü ilin fevralında isə ona “Keçirilmiş baş beyin qan dövranının hemorrogik tipli kəskin pozulmasının qalıq əlamətləri. Sol tərəfli spastik hemiparez III mərhələ. Şəkər diabeti II tip” diaqnozu ilə ikinci dərəcəli əlillik pensiyası təyin edilib.
Xaqani Həbibov “Gözətçi”yə göndərdiyi şikayət məktubunda bildirib:
“O vaxt qaydalar belə idi ki, ildə bir dəfə gedib xəstəxanada yatırdın, sonra testdən keçirdin. 2016-cı ildən prezident sərəncam verdi ki, tibbi müayinə beş ildən bir olsun. 2020-ci ildə beş ilim tamam oldu, dekabrın 14-də Sabunçu rayon xəstəxanasında tibbi müayinədəm keçdim. Doqquz ildir xəstəlik səbəbindən əmək qabiliyyətimi itirimişəm”.
Şikayətçi deyir ki, məsələ ilə bağlı Nizami rayonunda yerləşən Dost Mərkəzinə müraciət edib. Ancaq mərkəzdən bildirdilər ki, bu məsələ onların səlahiyyətində deyil:
“Dost Mərkəzindən mənə ətraflı məlumat verə bilmədilər. Sadəcə orada məndən bildiriş kodu istədilər, dedilər ki, Əlillik Altsisteminə forma 88 göndərilib”.
Şikayətlə bağlı “Gözətçi”nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinə göndərdiyi sorğuya cavab olaraq bildiriblər ki, Həbibov Xaqani Firidun oğluna 08.02.2016-27.01.2021-ci illərdə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilib. 27.01.2021-ci il tarixində vətəndaşın 5 illik əlillik müddəti başa çatıb, əlilliyin qiymətləndirilməsi üçün vətəndaşın yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən Əlillik Altsisteminə yeni forma 88 (göndəriş) daxil edilib, vətəndaşın əlillik vəziyyəti forma 88-ə əsasən tezliklə qiymətləndiriləcək.