İtkin düşən Ağsu sakininin ailə üzvləri hüquq-mühafizə orqanlarından şikayət edir

tərəfindən Gozetci

Əlizamin Mehdiyev

Ağsu rayonunun Bəyimli kənd sakini 1978-ci il təvəllüdlü Əlizamin Mehdiyev itkin düşüb. O,  üç il öncə evdən çıxıb və geri qayıtmayıb. Bu barədə Ə. Mehdiyevin anası Fındıq Mehdiyeva  və qardaşı Barat Mehdiyevin “Gözətçi”yə göndərdikləri şikayətdə bildirilib.

Ailənin iddiasına görə, Əlizamin Mehdiyevin itkin düşməsində şübhəli şəxslərin kimliyi məlum olsa da, rayonun hüquq-mühafizə orqanları  baş vermiş hadisəni bu günə kimi ört-basdır etməklə məşğuldur.

Barat Mehdiyev bildirir ki, qardaşı 2018-ci il yanvarın 17-də tanıdığı şəxslər tərəfindən evindən çağrılıb:

“Əlizamindən aldıqları mal-qaraya görə yetmiş min manat borclu olan şəxslər vardı. Gecə ilə zəng edib çağırdılar ki, “hazırlaş, gəlib səni maşınla aparaq və pulunu verək”. Ancaq bu qardaşımın son telefon danışığı və son gedişi oldu. O gündən Əlizaminin nə öldüsü var, nə də qaldısı.”

Mehdiyevin sözlərinə görə, Əlizamin Mehdiyevin itkin düşməsi ilə bağlı Ağsu Rayon Polis Şöbəsinə məlumat verilib və məsələ rəsmiləşdirilib. Ancaq o, iddia edir ki, istintaq hərəkətləri məqsədli şəkildə düzgün həyata keçirilməyib:

“Şübhəli şəxslər (gecə qardaşımı çağırıb evindən aparanlar) qardaşımın heyvanları satdığı fermanın sahibi Ömər Babayev, onun təsərrüfatını idarə edən Ağsu rayonunun Hacıqədrli kənd sakini Əli Həmidov, onun Yevlax rayonunun Ərəş kəndində yaşayan kürəkəni, Kəlbəcər köçkünü Rövşən Məmmədov şahid qismində dindirilib. Əslində isə cinayəti törədənlər elə məhz bu mütəşəkkil dəstədir. Bütün istintaq boyu biri-birini təkzib edən, ziddiyyətli ifadələr verən bu şəxslər guya üzləşdirildi. İstintaqın “gərgin əməyi” nəticəsində cinayət işi üzrə təqsirləndirilən şəxs və ya şəxslər müəyyən edilmədiyindən rayon prokurorluğunun müstəntiqi, 1-ci dərəcəli hüquqşünas Alim Şəkərəliyevin 21 yanvar 2019-cu il tarixli qərarı ilə cinayət işi dayandırılıb. Bir sözlə, son dəfə qardaşımı evdən aparan və onunla son dəfə telefonla danışan şəxslərin kimliyi məlum olduğu halda, onlar şübhəli şəxslər qismində saxlanmayıb”.

“Gözətçi” portalı olaraq, Baş Prokurorluğun Mətbuat xidmətinin əməkdaşı Kənan Zeynalovla əlaqə saxladıq. Məsələ ilə bağlı araşdırma aparılacağı bildirildi.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az