“Kafeyə gedirəm, məlum olur ki, ofisant DTX əməkdaşıdır”
“Azel TV” xəbər saytının baş redaktoru Əfqan Sadıqov 2020-ci ilin may ayında vəzifəli şəxslərdən rüşvətalma ittihamı ilə həbs edilib.
Əfqan Sadıqov isə ittihamı qəbul etməyib, hakimiyyətin onu digər jurnalist – Sakit Muradovun əli ilə şərlədiyini deyib.
“Toplum TV”-nin budəfəki müsahibi isə həbs olunan jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqovadır.
O, hüquq mühafizə orqanları əməkdaşları tərəfindən intim görüntülərinin yayılması ilə bağlı təhid olunması və üzləşdiyi təzyiqlər barədə danışıb.
– Sevinc xanım, həyat yoldaşınızı axırıncı dəfə nə zaman görmüsünüz?
– Əfqana martın 29-da həbsxananın müalicə müəssisəsinin reanimasiya şöbəsində baş çəkmişəm. İndi əlil arabasından istifadə edir, çünki 147 gündür qidalanmadan imtina etdiyi üçün durumu çox ağırdır, müqavimətini itirib. Aclığının 80-ci günündə komaya düşdükdən sonra sistem və süni qidalandırılma ilə həyatda saxlanılıb. Amma bir həftədir ki, sistemdən də imtina edib. Artıq özü də bezib. Deyir ki, mən heç bir qanunsuzluq etmirəm, sivil qaydada aclıq edirəm və azadlığa çıxanadək də bu mübarizə davam edəcək. Əslində, durumu sözlə ifadə edilə bilməyəcək qədər ağırdır. Ombudsmana müraciət etmişdim ki, Əfqanın ən azından 1-2 dəqiqəlik görüntüsü çəkilərək yayılsın və cəmiyyət onun hansı vəziyyətdə olduğunu görsün. Müraciətə baxılıb-baxılmadığını bilmirəm, amma görüntünün çəkiləcəyinə də inamım yoxdur. Çox istərdim ki, xalq onun durumunu görsün, çünki müalicə müəssisəsinin baş həkimi Əfqanın bir daha komaya düşəcəyi halda ayılmayacağını deyir.
– Ombudsmandan başqa hansı qurumlara müraciətləriniz olub və hansı cavablar almısınız?
– Dəfələrlə Prezidentə, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə və deputatlara müraciət etmişəm. Hətta son imzalanan əfv sərəncamından öncə deputatlara Əfqanın durumu ilə bağlı məlumat verdim, adının əfv siyahıya salınmasını istəmişəm, amma heç bir nəticəsi olmadı, artıq onların cavabı da mənə maraqlı deyil. Ombudsman Aparatı isə müstəqil qurum olmadığı üçün ümumiyyətlə reaksiya vermir, hətta dəfələrlə özümə qarşı edilən təhdidlərlə bağlı müraciət etmiş, şəxsən Səbinə Əliyevanın özünə sual ünvanlamışam. Mənə cavab veriblər ki, ünvanladığınız bütün müraciətlərə dərhal reaksiya vermişik. Hansı reaksiyadan söhbət gedir, anlamıram. Müsbətə doğru heç bir addım atılmayıb axı.
– Tədid və şantaj olunduğunu demisiniz. Bu təhdidlər hansı formada edilib?
– Hər insanın şəxsi həyatı ona aiddir. Əgər hansısa dövlət qurumu bunu açıb nümayiş etdirməyə çalışırsa, bu, cinayətdir və bu cinayətə əl atan qurum dövlətin adına ləkədir. Mən də vətəndaş olaraq məcburam ki, bunu işıqlandırım. Sadə bir örnək verim, mən şəxsi baxımım üçün lazerdən istifadə edirəm. Orada prosedur zamanı insan çılpaq olur. Bunlar da məni bədənimin görüntüsünü çıxarıb yayacaqları ilə bağlı təhdid edirlər. Onlar düşünürlər ki, məni bu yolla susdura biləcəklər. Əfqanın həbsindən öncə isə DTX-nın əməkdaşları evimizə gələrək vanna otağına kamera yerləşdirib, daha sonra axtarış edən zaman o kameranı götürüblər. Eyni zamanda bu görüntüləri yayacaqları ilə bağlı da təhdid edirlər. Hətta mənim bir neçə kişi ilə intim görüntülərimin onlarda olduğunu iddia edirlər. Mən isə onlara bunun elə iddia olaraq qalacağını bildirdim, çünki onlar gərək belə bir görüntünü montaj edərək ortaya çıxarsınlar. Bunun da saxta olduğu araşdırma nəticəsində aydın olur. Mənim elə bir görüntüm ola bilməz, onlar, sadəcə, düşünürlər ki, əgər bu cür görüntülərim varsa, bəlkə, qorxub geri addım ataram. Mən isə açıq şəkildə deyirəm ki, həyatımda utanılacaq heç nə yoxdur. Əgər görüntülərim olsa belə, mən mübarizəmdən geri dönməyəcəyəm, çünki bu, mənim şəxsi həyatımdır. Bunun nə DTX-ya, nə də DİN-ə aidiyyatı var. DTX-da olduğum zaman mənə qarşı bir ifadə işlədildi ki, bir kəlmə ilə səni həyat yoldaşından boşatdıra bilərik. Mənim yoldaşım canı ilə mübarizə aparır, bunlar isə ondan əl çəkmirlər.
– Sizcə, bu təhdidlərin səbəbi tam olaraq nə ola bilər?
– Bunun tək səbəbi Əfqanın aclığa son verməsini istəmələridir. Məni məcbur edirlər ki, ona bu mübarizəni dayandırmaq üçün təsir edim. Mən də istərdim ki, Əfqan aclığını dayandırsın, amma başqa çıxış yolu olmadığı üçün mübarizəsini bu cür aparacağını deyir. Onun mübarizəsindən dönməyəcəyini gördüyüm üçün onu tək qoymadım və ona dəstək olmağa qərar verdim. Başıma nə gəlirsə-gəlsin sonadək onu müdafiə edəcəm. Mən gündəlik həyatımda hansısa kafeyə gedirəmsə, mənə qulluq edən ofisant, hətta görüşdüyüm dostumun yanındakı şəxs də DTX əməkdaşı olur. Evdən çıxdığım zaman arxamdan gələrək məni təqib edirlər, həyatımı cəhənnəmə çeviriblər. Məni hətta uşaqlarımla təhdid edirək bildirirlər ki, 16-cı mərtəbədən yıxılan yeniyetmələri düşün. Artıq bundan sonra mənim susmağım mümkün deyil. Bu yolda məni fahişə də çıxarsalar, susmayacam və sonadək mübarizə aparacağam.
Toplum TV