Fevralın 17-dən Azərbaycanda 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası başlayır. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fevralın 16-da yaydığı birgə məlumatda deyilir.
Məlumatda vurğulanır ki, Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə peyvəndləmə “2021-2022-ci illər üçün vaksinasiya strategiyasına uyğun olaraq keçirilir.
Məlumatda peyvəndləmə ilə bağlı növbə götürmək qaydası izah edilir: “Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Bunun üçün “COVID-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir”.
Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur, çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.
Vətəndaş peyvəndləmə vaxtını və ya məntəqəni dəyişmək istədikdə yenidən qeydiyyatdan keçməlidir.
Xatıarladaq ki, Azərbaycanda peyvəndlənmə ilə bağlı Strategiya 2021-ci il yanvarın 16-da qəbul edilib. Yanvarın 18-dən isə peyvəndləmə prosesi başlanıb. İlkin mərhələdə tibb işçiləri, hüquq-mühafizə orqanlarının əhali ilə sıx təmasda olan şəxsi heyəti vaksinasiyadan keçirilib. Fevralın 8-dən isə yaşı 65-dən yuxarı olan vətəndaşların vaksinasiyası başlanıb.
Azərbaycanda peyvəndləmədə Çin istehsalı olan “Sinovac” vaksinindən istifadə edilir. Azərbaycan ilkin olaraq 4 milyon doz vaksin sifariş edib.
Turan