Polad Aslanov aclıq aksiyasını davam etdirir
“Sərhədsiz Reportyorlar” hüquq müdafiə təşkilatı Azərbaycan hakimiyyətini Polad Aslanovla qeyri-insani rəftara son qoymağa, ona tibbi yardım göstərməyə və fevralın 15-də Apelyasiya Məhkəməsində ədalətli təhqiqatı təmin etməyə çağırır. Bu barədə təşkilatın fevralın 9-da yaydığı bəyanatda deyilir.
Xeberman.com və Press-az.com saytlarının təsisçisi Polad Aslanov hüquq-mühafizə orqanlarında korrupsiyanı tənqid edib, amma o, İranın xeyrinə dövlətə xəyanətdə ittiham olunub və 2019-cu ilin iyununda həbs edilib. 2020-ci ilin noyabrında ona 16 illik həbs cəzası verilib.
Hazırda o, fevralın 1-də hüquqlarının pozulmasına etiraz əlaməti olaraq başladığı aclıq aksiyasını davam etdirir.
“19 aylıq həbsdən və ədalətli məhkəmə təhqiqatı və ev dustaqlığına keçirilmə tələbi ilə keçirdiyi 8 günlük aclıq aksiyasından sonra Polad Aslanovun səhhəti pisləşir. O, həddindən artıq arıqlayıb və böyrəklərindəki ağrılardan şikayət edir, həyat yoldaşı ona həkim nəzarəti olmadığını bildirir”, deyə bəyanatda qeyd edilir.
Meydan TV