Prokurorluq: “Beton qarışdıran maşının pompası fəhlənin başına dəyib”
Təmir-tikinti işləri aparan fəhlə xəsarət alaraq ölüb.
Hadisə fevralın 4-də Xəzər rayonunun Qala qəsəbəsində olub.
Məlumatı Xəzər Rayon Prokurorluğu yayıb.
Prokurorluğun araşdırması nəticəsində məlum olub ki, Vahid Vəliyev qeyd edilən ərazidə fəhlə işlədiyi fərdi yaşayış evinin təmiri zamanı beton qarışdıran maşının pompasının başına dəyməsi ilə xəsarət alıb.
O aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə prokurorluq işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub:
“Şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – prokurorluğun məlumatında deyilir.
Meydan TV