Xeberman.com saytının təsisçisi və redaktoru Polad Aslanov beş gündür Kürdəxanı istintaq təcridxanasında şikayətinə obyektiv baxılması və bəraət qərarı çıxarılması tələbi ilə aclıq edir.
Onun böyrəklərində və mədəsində ağrılar başlayıb, bu barədə onunla görüşən həyat yoldaşı Gülmira Aslanova facebook səhifəsində yazıb. Onun sözlərinə görə, Polad Aslanovun aclıq aksiyası haqqında müraciəti istintaq təcridxanasında rəsmi olaraq qeydiyyata alınmayıb. İstintaq Təcridxanasından şərh almaq mümkün olmayıb.
* Noyabrın 16-da xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinib və 16 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı onun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Aslanov 2019-cu il iyunun 12-də həbs edilib və CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını cəlb edərək, İran xüsusi xidmətləri ilə əməkdaşlığa yönləndirib. Aslanov bütün ittihamları təkzib edib, xüsusi xidmət işçilərinin yol verdikləri korrupsiya faktlarını ifşa etdiyinə görə təqib edildiyini bəyan edib. Beynəlxalq təşkilatlar onun həbsini pisləyiblər və hökuməti onu azad etməyə çağırıblar.
Fevralın 1-də P.Aslanovun apellyasiya şikayətinə baxılmasına başlanıb.
İclasda o, prosesin obyektivliyinin təmin edilməsini tələb edərək, aclıq elan edib.
Turan