Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Danimarkadan deputat Maykl Aastrup Censenin hazırladığı hesabat əsasında “AŞPA monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı” adlı qətnamə qəbul edilib.
Sənəddə monitorinq altında olan ölkələrin əldə etdiyi tərəqqi alqışlanır, Azərbaycan daxil olmaqla, bəzi ölkələrdə problemlərin qalmasından narahatlıq ifadə olunur və tövsiyələr irəli sürülür.
Qətnamənin 11-ci bəndində Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bütün tərəflər siyasi dialoqa mane olan qızışdırıcı ritorikadan çəkinməyə, Ermənistanı və Azərbaycanı 9 noyabr üçtərəfli bəyanatının humanitar məsələlərlə bağlı müddəalarını ən qısa müddətdə həyata keçirməyə, bütün tərəfləri dərhal hərbi əsirlərin və cəsədlərin mübadiləsini həyata keçirməyə, mədəni irsə hörmət etməyə çağırılır.
Sənəddə insan haqları məsələlərinə də toxunulur. Ötən ilin aprelində ReAl Partiyasının sədri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərova bəraət verilməsi alqışlansa da, bunun Avropa İnsan Haqları Məhkəməsi qərarının icrası üçün qoyulmuş zaman çərçivəsində həyata keçirilməməsindən təəssüf bildirilir.
Sənəddə Azərbaycanda hökumətin opponentlərinə irimiqyaslı repressiyaların, internetə çıxış daxil olmaqla, ifadə azadlığına məhdudiyyətlərin, məhkəmənin müstəqil olmamasının, plüralizmin yoxluğunun, hüququn aliliyi və insan haqlarının pozulmasının, sərbəst toplaşma, birləşmə və din azadlığına məhdudiyyətlərin qaldığı qeyd edilir.
AŞPA monitorinq altında olan ölkələri Avropa Şurası qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırır.
Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirirmi? Sənəd ölkədəki vəziyyəti real və obyektiv əks etdirirmi?
YAP İcra Katibliyinin Siyasi təhlil və planlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Turan-a bildirib ki, Azərbaycan müstəqilliyini, demokratiyanı, insan hüquqlarını hüquqi demokratik dövlət quruluşu ilə bağlayır.
“Hələ AŞPA-ya üzv olmamışdan, Azərbaycanda 1993-cü il 15 iyunda – Heydər Əliyevin hakimiyyətə gəldiyi gün ölüm cəzasına moratoriya işə salındı, 1995-ci ildə demokratik konstitusiya qəbul edildi, 1998-ci ildə ölüm hökmü ləğv edildi, eyni zamanda, mətbuat üzərindən senzura götürüldü, siyasi partiyaların fəaliyyətinə şərait yaradıldı. Bütün bunlar Azərbaycanın şüurlu, məqsədyönlü seçimi idi”.
Siyasətçi qeyd edib ki, Azərbaycan Avropa Şurasına daha demokratik, insan hüquqlarınıın qorunmasında daha mübariz olması üçün daxil olub.
“Hesab edirəm ki, biz öhdəliklərimizi kifayət qədər yerinə yetiririk. Azərbaycan bu gün Avropa Şurasının dayaqlarından biridir”.
Mirzəzadə hesab edir ki, Avropa Şurasının qəbul etdiyi qətnamə anlaşılan deyil.
“Həlak olan hərbiçilərin cəsədlərinin qaytarılması ilə bağlı Azərbaycan və Ermənistan Rusiya vasitəçiliyi ilə çox sıx işləyir. Hətta Ermənistan tərəfə daha çox əsirlər qaytarılıb, nəinki Ermənistanda olan Azərbaycan əsirləri. Bu gün işğaldan azad olunmuş zonada Ermənistan nümayəndələri Azərbaycan və Rusiya nümayəndələri ilə birlikdə həlak olmuş hərbiçilərin cəsədlərini tapıb Ermənistan tərəfinə çatdırmaqdadır”.
Deputat bildirib ki, söhbət 10 noyabr sazişindən sonra Azərbaycan ərazisində həbs olunmuş diversant qrupundan gedirsə, həmin şəxslər artıq hərbi əsir deyil.
“Bunlar artıq Azərbaycana cinayət törətmək üçün göndərilmiş diversantlardır. Şübhəsiz ki, bunlara qarşı Azərbaycan olmasın, istənilən digər dövlət olsun, hüquq mexanizmi işə salmalıdır. Bununla bağlı dəfələrlə izahat verilib”.
Siyasətçi mədəniyyət abidələri məsələsinə toxunaraq vurğulayıb ki, Azərbaycan torpaqları işğal altında olanda dəfələrlə beynəlxalq təşkilatlara, o cümlədən AŞPA-ya həmin ərazilərə nümayəndələrin göndərilməsini, mədəniyyət abidələrinin vəziyyəti ilə bağlı arayış hazırlamasını xahiş etmişdi.
“Çox təəssüf ki, biz bunu nə ATƏT-in Minsk Qrupundan, nə də AŞPA-dan görmədik”.
Hüquq müdafiəçisi Anar Məmmədli hesab edir ki, AŞPA-nın son qəbul olunmuş hesabatının Azərbaycanla bağlı bölümü ölkədəki reallıqlarını əks etdirir.
“Hətta, mən deyərdim ki, bir sıra məsələlər öz əksini tapmayıb. Əslində, Azərbaycanın Avropa Şurasının qarşısında öhdəliklərinin icrası ilə bağlı son hesabatdan ötən dövr ərzində xeyli olaylar baş verib. Olayların bir qismi hesabatda öz əksini tapıb”, deyə o qeyd edib.
Hüquq müdafiəçisi bildirib ki, ötən ilin parlament seçkiləri ilə bağlı həm yerli, həm beynəlxalq müşahidəçilər ciddi çatışmazlıqları qeyd etmişdilər.
“Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı ölkədə ciddi çatışmazlıqlar var. Konkret olaraq siyasi məhbuslarla bağlı qəbul olunmuş qərarların icrasında problemlər var. Məsələn, İlqar Məmmədov qrupuna aid olan işlərdən yalnız ikisinə Ali Məhkəmə tərəfindən bəraət verildi, digər yeddi nəfərin işi isə hələ də qalmaqdadır”.
Məmmədli hesab edir ki, ölkədə repressiyalar səngiməyib.
“Keçən ilin mart ayından bəri xeyli sayda siyasi və ictimai fəal müxtəlif motivlərlə azadlıqdan məhrum edilib. Beləliklə, ölkədə siyasi məhbus problemi hələ də həll olunmayıb”.
Ekspert hesab edir ki, ölkədə məhkəmə-hüquq islahatlarına ehtiyac var.
“Çünki bütünlükdə bu proseslərin Avropa standartlarına uyğunlaşdırılması üçün siyasi motivlərlə həbslər dayandırılmalıdır, ölkədə qanunun aliliyini təmin etmək üçün məhkəmə-hüquq islahatları aparılmalıdır. Hesabatda deyildiyi kimi, siyasi azadlıqların müdafiəsi yönündə, xüsusilə də söz və mətbuat, birləşmə azadlığı ilə bağlı problemlər qalır və onların həlli yönündə Azərbaycan hakimiyyəti siyasi iradə nümayiş etdirməlidir”, deyə Məmmədli bildirib.
AŞPA-nin qış sessiyasi yanvarın 25-də işinə başlayıb.
Turan