Son üç ildə Azərbaycanda vəkillərin sayı 100% artıb.
Vəkillər Kollegiyasının hesabatında deyilir ki, 2004-2018-ci illərdə (14 il ərzində) vəkillərin sayı 600 nəfər artaraq 931 nəfər olub, lakin 2018-2020-ci illərdə (3 il ərzində) isə vəkillərin sayı 913 nəfər artaraq 1844 olub.
Sənəddə deyilir ki, 3 il əvvəl vəkil qurumlarının sayı 39 olsa da hazırda bu rəqəm artaraq 100 olub və onların bir çoxu yenilənib, əsaslı şəkildə təmir edilib.
Azərbaycan adambaşına düşən vəkil sayına görə Avropada aşağı göstəricilərə sahibdir – hər 100 min nəfərə 18,4 vəkil düşür. Bu, orta Avropa göstəricisindən (162 vəkil) 8,8 dəfə azdır.
Vəkillər Kollegiyası vəkillərin az olmasının səbəbini ölkədə hüquq təhsilli insanların az olması ilə izah edir.
“Unutmaq olmaz ki, Azərbaycanda hüquqşünas məzunların sayı digər ölkələrdən təqribən 10 dəfə azdır. Bu da vəkillərin sayına birbaşa təsir edir”, – hesabatda qeyd edilir.
Hesabatda həmçinin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin ixtisaslaşmış qurumları və digər beynəlxalq təşkilatlar ilə əməkdaşlıq çərçivəsində, 3 il boyunca 705-dən çox vəkilə təlimlər keçirildiyi bildirlir.
Bununla yanaşı, son illər ondan çox tanınmış aktiv vəkil vəkllikdən kənarlaşdırılıb.
Keçmiş vəkil Xalid Bağırov Turan-a deyib ki, son illər Azərbaycanda vəkillərin sayı artsa da yenə Avropa ölkələrindən və qonşu Gürcüstandan çox geri qalır.
“İndi əsas problemlərdən biri yenə də ölkədə vəkillərin sayının az olmasıdır. Vəkillərin sayı çoxalmalıdır ki, rəqabətlilik artsın. Vəkillərin sayının artması keyfiyyətli müdafiənin təşkili üçün əsas şərtdir. Düzdür, son illər vəkillərin sayı artıb. Ancaq aktiv vəkillərin sayı artıbmı? Bu, sual doğurur”, – o deyib
Qeyd edək ki, X.Bağırov özü tanınmış siyasi məhbusların müdafiəsi dövründə Vəkillər Kollegiyasından çıxarılıb. Ötən il AİHM X.Bağırovun səlahiyyətlərinə xitam verilməsini qanunsuz hesab edib.
Turan