“Taksilər biləndə ki, yolumuz bu məhəlləyədir, gətirməkdən imtina edirlər”

tərəfindən Gozetci

Taksilər biləndə ki, yolumuz bu məhəlləyədir, gətirməkdən imtina edirlər”

Kəndin qaz, işıq, su, yol problemi var

“Burda qışın da, yayın da öz problemləri var. Yol, qaz yoxdur, işıq da elə yox kimidir. İşıqlarımız o qədər zəifdir ki, yeməyimizi fənər işığında yeyirik. İki ildir aidiyyəti qurumlara müraciət edirik, deyirlər düzələcək, görünən isə odur ki, hər dəfə bizi aldadırlar”.

Bunu Meydan TV-yə İmişlinin Əlyetməzli kənd sakinləri deyir. Sakinlər kənddəki problemlərdən danışırlar. Onları daha çox narahat edən yol, qaz, işıq dərdidir.

Yol, qaz, işıq yox…

Əlyetməzlidə yaşayış 1940-cı illərdən başlayıb. Həmin vaxt kənddə cəmi 10-12 ailə yaşayıb. Vaxt keçdikcə, kəndə köç də çoxalıb, əhalinin sayı artıb. 1990 – 2000 – ci ildən indiyədək isə kəndin bir tərəfində sakinlər özlərinə evlər tikməklə yeni yaşayış yerləri yaradıblar. Əhalinin sayı artsa da, kəndin işıq, qaz, su sistemi, infrastrukturu inkişaf etdirilməyib. Kəndin kənarındakı yeni yaşayış yerində ev-eşik tikib yaşayan sakinlər buradakı şəraitsizlikdən narazılıq edir:

“10-12 ildir ki, burada təzə evlər tikilib. Torpağı vətəndaşa satanda yüz cür dona girirlər, get, evini tik, yol elə olacaq, işıq belə olacaq… Ev tikib, yaşayırsan, vaxt keçdikcə anlayırsan ki, aldadılmısan… Bir işıq transformatoru nədir ki, illərdir buna görə işıq idarəsinin yolunu su yoluna döndərmişik, gətirib bir transformator quraşdırmırlar ki, biz də ölkənin işığından istifadə edək. 21-ci əsrdə neft lampasından istifadə edirik, yemək yeyəndə fənəri yandırıb masanın ortasına qoyuruq ki, süfrəmiz işıqlı olsun”.

“Palçıq topuqdan olur”

Sakinlərin sözlərinə görə, yağışlar başlayanda evdən çölə çıxmaq çətinləşir:

“Qış gəlib, yollarımızda palçıq yenə topuqdandır. Küçəyə çıxa bilmirik, yollarda yerimək çətindir. Maşın iki dəfə küçəni o baş, bu başa gedib gəlir, sıradan çıxır, təmirlik olur. Əraziyə ictimai nəqliyyat işləmir, rayon mərkəzindən qayıdanda məcbur oluruq ki, taksiyə minək. Taksilər biləndə ki, yolumuz bu məhəlləyədir, gətirməkdən imtina edirlər. Sürücülər deyir, 5 manat yolpulu verəcəksən, sonra gərək 25-30 manat verib maşının hansısa hissəsini düzəltdirim, maşının palçığını yuyum”.

Kür daşqının zərərləri hələ də qalmaqdadır

11 il əvvəl baş vermiş Kür daşqınının vurduğu zərərlər Əlyetməzlidə hələ də tam ortadan qaldırılmayıb. Məlum olduğu kimi, sel suları daha çox köhnə tikililərə zərər vurub. Sakinlər deyir, həmin evlər dağılmaq üzrədir, həyətlərdəki çoxillik meyvə ağacları quruyub, torpaqlar münbitliyini itirdiyi üçün əvvəlki kimi məhsul vermir. Bir də bunun üzərinə işıq, qaz, su problemi gələndə vəziyyət ikiqat ağırlaşır:

“Kürün kənarında yaşasaq da, nə içməyə, nə də əkin mövsümü gələndə sahələri suvarmağa su tapırıq. Arada pambıq əkininə baş qoşduq, baxdıq ki, məhsul inkişaf etmir, bu işin başını buraxmalı olduq. Torpaqlarda şoranlaşma da baş alıb gedir”.

“Sanki unudulmuşuq”

Sakinlər deyir, kənd rayon mərkəzindən bir az uzaq olduğuna görə sanki unudulub:

“Elə bil kəndimizə qarşı ögey münasibət var. O vaxt gəlib meyvə ağaclarımızı siyahıya aldılar ki, guya kompensasiya veriləcək. Sonra da unudulub getdi. Kəndlilər əsasən həyətyanı sahələrində yetişdirdikləri meyvələri satıb dolanırdı. 10 ildən çoxdur ki, nə ağac var, nə məhsul. O vaxt Kür çayı düz 8 ay ərazidən 4 metr hündürlükdə axdı. Ona görə də torpaqlarımız hələ də özünə gələ bilməyib. Məhsuldarlıq aşağı düşüb, dolanışığımız kəskin pisləşib. Kənd təsərrüfatı ilə məşğul ola bilmirik”.

İmişli Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, kəndin sosial problemləri qurumun diqqətindədir. Problemlərin həlli üçün aidiyyəti qurumlara məktublar göndərilir. Qurumdan bildirilib ki, Kür daşqınlarından sonra kənddə xeyli iş görülüb, selin fəsadları aradan qaldırılıb, qəzalı vəziyyətə düşən evlər təmir-bərpa olunub. Su problemi əsasən əkin mövsümlərində və yay ərzində mövcud olur ki, aidiyyəti qurumlar problemin həllinə çalışır. Kənddə işıq var, qaz, yol problemlərinin həlli də diqqətdədir.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az