Qəzalı binanın sakinləri: Uşaqları, qocaları evdə qoyub getməyə qorxuruq

tərəfindən Gozetci

Mədən küçəsinin sakinləri yaşadıqları binanın çökmək üzrə olduğunu deyir

“Daşlar qopub yerə düşür. Uşaqları, qocaları evdə qoyub getməyə qorxuruq. Həyatımıza təhlükə günbəgün artır”.

Bunu Meydan TV-yə Ramana qəsəbəsi, 9-cu Mədən küçəsi 29 ünvanında yaşayan sakinlər deyir. Onların sözlərinə görə, bir neçə ailə 23 ildən çoxdur ki, qəzalı binada canını dişinə tutub yaşayır.

İstismar müddətini çoxdan başa vurmuş ikimərtəbəli binada 8 yerli, 5 köçkün ailəsi – ümumilikdə 35 nəfər yaşayır.

Əvvəl yataqxana, sonra ayaqqabı sexi, sonra da…

Ailələr bu binaya 1997-ci ildə köçüb. Ailələrdə məktəbli uşaqlar, astma-bronxitdən, böyrək çatışmazlığından, xərçəngdən əziyyət çəkənlər, ahıl yaşda insanlar var. Həmin ünvanda yaşayan Kəmalə Ağayeva binanın durumundan danışır:

“Deyirlər, bu bina əvvəl 29 saylı yataqxana olub. Sonra ayaqqabı sexi kimi istifadə ediblər. Sonra da otaqlar ayrı-ayrı adamlara satılıb. Şəxsən mən evi bir köçkündən almışam. Əvvəl deyirdilər, əsaslı təmir olunacaq, hər cür şəraiti olacaq. Ancaq yaşadıqca anladıq ki, boş söhbətlərdir. Bizə MİS-dən deyilənə görə, bina 139 il əvvəl tikilib, istifadəyə verilib. İcra hakimiyyəti deyir, bina onların balansında deyil. Biz də bilmirik bu bina hansı quruma tabedir, kim sahib çıxmalıdır. Hamının ayrıca işıq, qaz, su sayğacı var, telefon xətti var, hamısı öz adımızadır. Ancaq bina hansı qurumun balansındadır, bilmirik. Deyilənə görə, əvvəllər Neft Şirkətinin balansında olub”.

Bina əvvəl 29 saylı yataqxana olub

“Bura xəstəlik mənbəyidir”

Kəmalə xanımın sözlərinə görə, onsuz da pis vəziyyətdə olan bina son yağıntılardan sonra daha da bərbadlaşıb:

“Son yağışlardan sonra binanın onsuz da yararsız vəziyyətdə olan dam örtüyü daha da çökdü. Yuxarıda 6 ev vardı, hamısının üstü çöküb. Hər iki mərtəbədə olan ayaqyolu, hamam tamamilə dağılıb, istifadə etmək mümkün deyil. Bura xəstəlik mənbəyidir, dəhlizlərdəki yekə siçovullar az qala adamın üzərinə atılır. Belə şəraitdə oğullar böyüdürük, bu evlərimizdən çıxıb əsgər gedirlər, əsgərlikdən bu evlərimizə qayıdırlar. Bir neçə ay əvvəl lap yaxınlığımızdakı 28 saylı yataqxananı sökdülər, bizi təəccübləndirən bu oldu ki, o yataqxananın vəziyyəti, şəraiti bizim qaldığımız binadan qat-qat yaxşı idi, hələ uzun illər istifadə oluna bilərdi, ancaq sökdülər. Biz icra başçısına yalvarırıq ki, bina başımıza çökür, ya əsaslı təmir olunsun, ya da bizi başqa yerdə mənzillə təmin edib köçürsünlər, deyir, mümkün deyil”.

“Yuxarıda 6 ev vardı, hamısının üstü çöküb”

Rəsmi qurumlar nə deyir…

Ötən ilin avqustunda Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Sabunçu Rayon İcra Hakimiyyətinə məktub göndərib. Həmin məktubla qurumun rəhbərliyindən xahiş olunub ki, sakinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün icra başçısı aidiyyəti üzrə tapşırıqlar versin, görülən işlər barədə agentliyi məlumatlandırsın.

Sabunçu Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, qeyd olunan ərazidə 1901-1904-cü illərdə Nobel qardaşları tərəfindən bir neçə bina inşa edilib. Uzun illər boyu həmin binalarda heç bir təmir işləri aparılmadığından yaşayış üçün tam yararsız vəziyyətə düşüb. Dövlət Neft Şirkətinin balansında olan və həmin ərazidə yerləşən yataqxana tipli bu binaların çoxu 2012-ci ildə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilib. Həmin binalar sökülüb, sakinlər başqa ünvanda mənzillə təmin olunub. Ancaq Ramana qəsəbəsi, 9-cu Mədən küçəsi 29 saylı yataqxana binası balansa verilməyib. Bu səbəbdən də bu çoxmənzilli yaşayış binasındakı problemlərin həlli icra hakimiyyətinin imkanları xaricindədir.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az