Azərbaycan beynəlxalq təşkilatların hesabatında – 2020

tərəfindən Gozetci

Beynəlxalq təşkilatların il ərzində Azərbaycan haqqında açıqladıqları

2020-ci ildə beynəlxalq təşkilatların yaydığı hesabatlarda Azərbaycanın yeri harada olub?

Ölkədə medianın, dinin, demokratiyanın, korrupsiyanın durumu necədir?

Beynəlxalq təşkilatların yaydığı hesabatlara görə yaşadığımız ilin yekunları aşağıdakı kimi olub:

 

Beynəlxalq pasport reytinqində Azərbaycanın yeri

“HenleyPartners” şirkəti müxtəlif ölkələrin vətəndaşları üçün hərəkət azadlığı dərəcəsini göstərən növbəti pasport reytinqini dərc edib.

Reytinq siyahısı müxtəlif ölkələrin vətəndaşlarının standart pasportla vizasız, ya da sərhəd qapısında viza alaraq ziyarət edə biləcəkləri ölkələrin sayına əsasən tərtib edilib.

Siyahıda 3 ildir ki, Yaponiya birinci yeri tutur. Bu ölkənin vətəndaşları vizasız (və ya ölkəyə gəldikdən sonra viza almaqla) 191 dövlətə səfər edə bilir.

Sinqapur 190 ölkə göstəricisi ilə 2-ci yeri qoruyub. Cənubi Koreya bir ildə bir bənd geriləyib və indi Almaniya ilə 3-cü yeri (189 istiqamət) bölüşür.

Əfqanıstan əvvəlki kimi indeksin autsayderidir. Ölkə vətəndaşları cəmi 26 ölkəyə vizasız səfər edə bilir.

Azərbaycan da siyahıda iki sətir geriləyib. 74-cü yerdən 76-cı yerə keçib. Eyni zamanda, Azərbaycan vətəndaşları dünyanın 67 ölkəsinə vizasız səfər edə bilir. Bu, bir il əvvəl olduğundan 1 ölkə çoxdur.

Filippin də eyni göstəriciyə malikdir. Bir il ərzində Azərbaycan Pakistan, Seneqal və Serbiyaya vizasız səfər etmək hüququ əldə edib. Eyni zamanda, Benin və Cibuti ilə vizasız səfər haqqını itirib.

 

İnsan hüquqlarının vəziyyəti

“Human Rights Watch” (HRW) hüquq-müdafiə təşkilatı dünyada insan hüquqlarının vəziyyətinə dair növbəti illik hesabatını açıqlayıb.

Hesabatın Azərbaycana həsr olunmuş bölümündə deyilir ki, 2019-cu ildə ölkə hakimiyyəti əsas insan hüquq və azadlıqlarını sərt şəkildə məhdudlaşdırmaqda davam edib.

Həmin dövrdə hakimiyyəti kəskin tənqid edən 50-yə yaxın hüquq müdafiəçisi, jurnalist və vətəndaş fəalı həbsdən azad edilib. Eyni zamanda, daha 30 belə tənqidçi həbs olunub: “Ölkədə işgəncə, qeyri-insani rəftar, sərbəst toplaşma və birləşmə azadlığının pozulması, KİV hüquqlarının və söz azadlığının məhdudlaşdırılması halları davam edir”.

 

 

Korrupsiya hansı səviyyədədir?

“Transparency International” beynəlxalq qeyri-hökumət təşkilatı dünyanın 180 ölkəsində korrupsiyanın səviyyəsini təhlil edən illik araşdırmasını dərc edib.

Siyahının 2019-cu ildəki kimi liderlər qrupunda Yeni Zelandiya və Danimarka (hər biri 87 xal) var. Onların ardınca Finlandiya (86 xal) gəlir. Onlar korrupsiyalaşmayan ölkələr kimi tanınır.

MDB ölkələri arasında Ermənistan 77-ci (42 bal), Gürcüstan 44-cü (56 bal) yeri tutub.

Azərbaycan 2018-ci illə müqayisədə göstəricilərini yaxşılaşdırsa da, 30 balla 126-cı yerdədir.

Reytinqin sonunda Suriya (13 bal), Cənubi Sudan (12 bal) və Somali (9 bal) yer alıb.

 

Demokratiya İnseksində Azərbaycanın yeri

Böyük Britaniyanın “Economist Intelligence Unit” şirkəti tərəfindən tərtib edilən Demokratiya İndeksinə görə, Azərbaycandakı hakimiyyət üsulu avtokratiya kimi xarakterizə edilib.

İndeks dünyanın 167 ölkəsini əhatə edib. Azərbaycan 147-ci yerdə qərarlaşıb.

Ölkələr 5 kateqoriya üzrə bölünüblər. İndeks tərtib olunarkən 60 müxtəlif göstərici nəzərə alınıb: seçkilər və plüralizm, vətəndaş azadlıqları, hökumətin fəaliyyəti, əhalinin siyasi fəallığı və siyasi mədəniyyət və digərləri.

 

“Jurnalistlərə qarşı repressiyalar dərhal dayandırılsın”

Azərbaycan hakimiyyətindən jurnalistlərə qarşı repressiyaları dərhal dayandırmaq tələb edilib.

Bu, Avropa Şurası Parlament Assambleyasının tələbidir.

Yanvarın 28-də AŞPA-nın qış sessiyasında “Avropada media azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər” adlı qətnamə qəbul edilib.

Sənəddə Azərbaycandakı vəziyyət barədə ayrıca danışılır.

Qətnamədə Azərbaycan hakimiyyətindən söz və media azadlığının təmin edilməsi, mətbuat azadlığı və təhlükəsizliyi sahəsində Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün real addımların atılması tələb edilib.

 

“Ölkəyə xaricdən valyuta axınında əmtəə satışından yüksək asılılıq xüsusi vurğulanır”

“Fitch” Beynəlxalq Kredit Agentliyi həm Azərbaycanın, həm də dövlət şirkəti kimi SOCAR-ın reytinqini yeniləyib.

SOCAR-ın reytinqi sonuncu dəfə 2019-cu ilin martında təsdiqlənmişdi.

Bu dəfə reytinqi invetisiya deyil, spekulyativ səviyyəyə uyğundur. BB+ səviyyəsində təsdiqlənib. Agentliyin 4 pilləli (A,B, C, D) dərəcələndirilməsində bu səviyyə “spekulyativ əlamətlərlə riskli öhdəliklər” kimi təsnifləndirilib.

Hesabatda qeyd edilir ki, ölkənin əlverişli xarici balansa və aşağı dövlət borcuna malik olması güclü, lakin təbii resurslardan yüksək asılılığı, idarəetmə sisteminin zəif göstəricilərə malik olması, bank sektorunun zəifliyinin davam etməsi zəif tərəflərdir.

Fiskal qaydanın tətbiqi, borc strategiyasının qüvvəyə minməsi və qeyri-neft büdcə kəsirinin hədəflənməsi pozitiv addımlar kimi qeyd olunur.

 

Avropa Məhkəməsi 1 il ərzində Azərbaycanla bağlı neçə qərar çıxarıb?

Avropa İnsan Haqları Məhkəməsi 2019-cu ildəki fəaliyyəti ilə bağlı statistik bilgilərini açıqlayıb.

Həmin məlumatlarda Azərbaycanla bağlı məqamlar da yer alıb.

Sənəddə bildirilir ki, AİHM ötən il Azərbaycanla bağlı 21, 2018-ci ildə isə 9 qərar qəbul edib.

2019-cu ildə qəbul edilən 21 qərarda 38 dəfə Konvensiya ilə təminat altına alınan hüquqların pozuntusu tanınıb. 2018-ci ildə belə pozuntuların sayı 22 olub.

2019-cu ildə Azərbaycanla bağlı ən çox tanınan pozuntu azadlıq və toxunulmazlıq hüququ olub – ötən il 7 dəfə. İkinci yerdə ədalətli məhkəmə araşdırması hüququ gəlir – 5 dəfə pozulub. Növbəti yerdə isə birləşmək azadlığı gəlir. AİHM bu hüququn pozuntusunu 4 dəfə tanıyıb.

 

“Seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar oldu”

Amerikanın Azərbaycandakı Səfirliyi 9 fevral parlament seçkiləri haqqında bəyanat yayıb.

Sənəddə deyilir ki, Amerika Birləşmiş Ştatları ATƏT DTİHB-nin monitorinq missiyasının 9 fevral seçkilərinin həqiqi rəqabətin qarşısını alan məhdudlaşdırıcı qanunverici və siyasi mühitdə keçdiyinə dair müşahidə və narahatlıqlarını bölüşür.

“Bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar oldu. Seçki günü DTİHB-nin müşahidə etdiyi ciddi prosedur pozuntuları, o cümlədən səs qutularının toplu bülletenlərlə doldurulması, qrup şəklində səsvermə, tutuşdurma prosedurlarına məhəl qoyulmaması və səslərin sayılması zamanı şəffaflığın məhdudlaşdırılması bizi məyus etdi”, – bəyanatda deyilir.

 

“Seçki Azərbaycan xalqının iradəsinin azad ifadəsi deyil”

Fevralın 10-da “Holiday INN” hotelində ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası növbədənkənar parlament seçkilər ilə bağlı mətbuat konfransı keçirib.

Hər üç müşahidə missiyası 9 fevral növbədənkənar parlament seçkilərinin Avropa demokratiya normalarına uyğun olmadığını deyib və Azərbaycan xalqının iradəsinin azad ifadəsi hesab etməyib.

 

Söz və KİV azadlığının vəziyyəti

Beynəlxalq “Sərhədsiz Reportyorlar” təşkilatı dünyada söz və KİV azadlığının vəziyyətini qiymətləndirən “Dünyada mətbuat azadlığı indeksi”ni dərc edib.

Azərbaycan vəziyyəti təhlil edilmiş 180 ölkə arasında 168-ci yerdədir. Azərbaycan ötən ilki mövqeyini daha pisləşdirib. 2019-cu ilin hesabatında ölkə 166-cı yerdə idi.

 

“Azərbaycan tövsiyələrinin ən böyük hissəsini yerinə yetirən 10 ölkə arasında olub”

Avropa Şurasının korrupsiyaya qarşı bir qrup dövləti (GRECO) iyunun 3-də videokonfrans formatında illik məruzəsini təqdim edib.

Məruzənin Azərbaycana aid hissəsində qeyd olunub ki, ötən ilin 31 dekabr tarixindəki vəziyyətə görə, 21 tövsiyədən 13-nü (62%) tam yerinə yetirilib. Beş tövsiyə qismən (24%) yerinə yetirilib, 3 tövsiyə yerinə yetirilməyib (14%): “Azərbaycan deputatların (50%), hakimlər və prokurorların (57%) barəsində GRECO tövsiyələrinin ən böyük hissəsini yerinə yetirən 10 ölkə arasında olub”, – məruzədə deyilir.

 

“Azərbaycan bəzi məlumatları yanlış verib”

Dünya Bankı “Doing Business 2021” hesabatının dərcinə fasilə verib. Səbəb kimi “Doing Business” 2018 və 2020-ci il hesabatlarında Azərbaycan, Çin, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən alınan məlumatların uyğunsuz olaraq dəyişdirilməsi göstərilir.

Bankın bəzi ölkələr üzrə göstəricilərin təhrif olunması ilə bağlı açıqlamasında məlumat dəyişikliklərini sistematik şəkildə nəzərdən keçirdiklərini və qiymətləndirmə apardıqlarını bildiriblər. Açıqlamaya görə, DB pozuntuların təsirinə ən çox məruz qalmış ölkələr üzrə məlumatları retrospektiv olaraq düzəldəcəklər. Bu müddətdə “Doing Business” hesabatının dərci dayandırılacaq.

 

Azərbaycan və Ermənistan müharibə cinayətləri törədib

Dekabrın 11-də insan haqları təşkilatı olan “Human Rights Watch” Dağlıq Qarabağ müharibəsi ilə bağlı iki hesabat yayıb. Hesabatlarda müharibə zamanı beynəlxalq humanitar hüququn pozulmasından bəhs edilir.

Hesabatın birində müharibə dövründə Azərbaycanın, digərində isə Ermənistanın yol verdiyi pozuntulardan bəhs edilir.

Təşkilat həm Ermənistanın, həm də Azərbaycanın müharibə cinayətləri törətdiyinə dair əsasları olduğunu açıqlayıb. Bunlar sənədlər, müsahibələr, peyk təsvirləri, fotolar və videolardır.

Dekabrın 10-da “Amnesty International” təşkilatı da Ermənistan Azərbaycan arasındakı 44 günlük müharibədən sonra 22 videonu təhlil etdiyini açıqlamışdı.

Təşkilat bildirir ki, həmin videolarda mühakiməsiz edamlar, hərbi və digər əsirlərlə pis rəftar, qarşı tərəfin əsgərlərinin cəsədlərinin təhqir olunduğu görünür: “Dağlıq Qarabağ müharibəsində həm Azərbaycan, həm də Ermənistan hərbi qüvvələri müharibə cinayətləri törədiblər”.

Təşkilat bildirir ki, iki videoda azərbaycanlı əsgərlər tərəfindən başkəsmə, digərində isə azərbaycanlı sərhədçinin boğazının kəsilməsi və ölümü təsvir olunub.

Videoların son üç həftədə şəxsi “Telegram” kanallarında yayıldığı bildirilir. “Amnesty İnternasional”nin Böhran Dəlili Laboratoriyası rəqəmsal texnikalardan yararlanaraq videoların həqiqiliyini təsdiqləyib.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az