DİN: “Çoxsaylı vətəndaşlar müraciət edərək Nurlan Librenin sosial şəbəkələrdə ermənilərin dövlətimiz barədə yazdıqları mənfi statusları bəyənib paylaşmasından narahatlıqlarını ifadə ediblər”
Əsasən internet televiziyaları ilə əməkdaşlıq edən jurnalist Nurlan Qəhrəmanlı (Libre) təqib olunduğunu, həbslə hədələndiyini deyir. O, bu haqda Daxili İşlər Nazirliyinə də müraciət edərək, təhlükəsizliyinə təminat istəyib.
Nurlan Qəhrəmanlı Meydan TV-yə bildirib ki, təxminən ayyarım əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, telefonu zorakılıqla əlindən alınıb. Jurnalistin sözlərinə görə, o, baş verənləri ictimailəşdirib, müxtəlif saytlarda bu haqda məlumat yayılıb:
“Hadisənin səhəri gün məni Daxili İşlər Nazirliyinə dəvət edib, baş verənləri araşdıracaqlarını bildirdilər. Mənə dedilər ki, “Turan” informasiya agentliyində yayılmış xəbəri təkzib edim. Üstəlik, öz “Facebook” hesabımda polisə qarşı qərəzim olduğunu yazıb, Daxili İşlər Nazirliyindən üzr istəməliydim. Mən isə bundan imtina elədim. Hətta Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini məhkəməyə verəcəyimi bildirdim. Məni təhdid etməyə başladılar. Dedilər ki, mobil telefonum dinlənilir, əgər jurnalist fəaliyyətimi davam etdirsəm, təqiblər davam edəcək, əgər geri çəkilməsəm, məni həbs edəcəklər. Mən isə onların şərtləri ilə razılaşmayacağımı açıq şəkildə deyib oradan ayrıldım”.
Nurlan Qəhrəmanlının sözlərinə görə, o, vəkillə müqavilə bağlayaraq, məhkəməyə müraciət etmək qərarına gəlib.
Jurnalist deyir ki, dekabrın 10-da keçirilən hərbi paradda etiraz edən vətəndaşların görüntü və fikirlərini canlı yayım vasitəsilə çatdırdıqdan dərhal sonra Bakı şəhər Baş Polis İdarəsinə çağrılıb:
“Fuad Babayev adlı polis zabiti məni idarəyə çağırdı. Dekabırın 14-də idarəyə getdim. Orada Fuad Babayev mənə bildirdi ki, guya noyabr ayında “Portağal Media” instagram səhifəsi üzərindən Təbriz Əhliyarlı adlı şəxsi şantaj edib, pul tələb eləmişəm. Mən isə bildirdim ki, belə bir adamı ümumiyyətlə, tanımıram. Həm də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılanda mobil telefonum əlimdən alınıb, kodunu zorla açdırıblar. İstisna deyil ki, o zaman həmin vətəndaşla yazışıb, məni həbs etmək üçün legitim əsas yaradıblar. İdarədə Fuad Babayev bir daha məni həbslə, cinayət işi ilə hədələdi”.
“İnstagram” səhifəsinin ondan asılı olmayan səbəblərdən bağlandığını deyən Nurlan Qəhrəmanlı düşünür ki, onu ləkələyib həbs etmək planı var.
Daxili İşlər Nazirliyi isə Nurlan Qəhrəmanlının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılaraq, orada döyülməsi barədə dediklərini təkzib edib.
“Sosial şəbəkələrdən istifadə edən çoxsaylı vətəndaşlar Daxili İşlər Nazirliyinə müraciət edərək, Nurlan Librenin sosial şəbəkələrdə erməni millətindən olan şəxslərlə mütəmadi əlaqə yaratması, dostluq qrupu təşkil edərək, onların dövlətimiz barədə yazdıqları mənfi statusları bəyənib paylaşmasından narahatlıqlarını ifadə ediblər. Bu müraciətlərlə əlaqədar Nurlan Qəhrəmanlı polis idarəsinə dəvət edilib, izahatı alındıqdan sonra xəbərdarlıq edilərək, sərbəst buraxılıb. O, bundan sonra barəsində daha ciddi məsuliyyət tədbirləri görüləcəyini düşündüyündən qabaqdangəlmişlik edərək, belə əsassız iddialar səsləndirib”, – nazirlikdən bildirilib.