Noyabrın 16-da Bakının Nəsimi Rayon Məhkəməsində, hüquq müdafiəçisi Oqtay Gülalıyevi 29 oktyabr 2019-cu il tarixində avtomobil vurması ilə bağlı cinayət işi üzrə məhkəmə iclası keçirib.
Bu, üçüncü məhkəmə iclasıdır, öncəki noyabrın 13-də keçirilib.
Bu gün hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclas Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyevanın ifadələrinə və oktyabrın 29-da baş vermiş hadisə yerindən müşahidə kameralarının videokadrlara baxışa yönəlib.
Firuzə Gülalıyevanın ifadələri 1 Saylı Kliniki Tibb Mərkəzində və “Bakı Siti Hospital” da tibbi personalın hərəkətlərilə bağlı iki epizoda aid olub.
Firuzə Gülalıyevanın fikrincə, onun həyat yoldaşı həkimlərin günahı ucbatından bir ildən artıq davam edən koma vəziyyətinə düşüb.
O, hesab edir ki, məhkəmə tibbi personalın, xüsusilə də “Bakı Siti Hospital”ın belə hərəkətinin səbəbini aydınlaşdırmalıdır.
“Məlum olduğu kimi beyinə qansızmanın aradan qaldırılması əməliyyatı 18 saatdan sonra həyata keçirilib, hərçənd huşunu itirdikdən sonra 1 saylı Kliniki Tibb mərkəzindən “Bakı Siti Hospital”ə aparılarkən operativ tədbirlər görülməli idi”, – Firuzə Gülalıyeva deyib.
Məhkəmədə məlumat verilib ki, prokurorluq həkimlərin məsuliyyəti məsələsini ayrıca icraata götürüb.
İclasın gedişində bir nüans diqqətdən kənarda qalmadı – istintaq Oqtay Gülalıyevin telefonuna gələn və gedən zəngləri müəyyən edib, ancaq bu təqsirləndirilən şəxsin telefonu ilə bağlı edilməyib.
Gülalıyevlərin vəkili Fuad Ağayev müttəhim Kənan Abdullayevin telefonuna gələn və gedən zənglər barədə mobil operatordan məlumat alınması barədə vəsatət qaldırıb.
Hakim Azər Tağıyev vəsatəti təmin edib və növbəti məhkəmə iclasını dekabrın 4-nə təyin edib.
Xatırladaq ki, 29 oktyabr 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Oqtay Gülalıyev kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. İş üzrə təqsirləndirilən şəxs qismində taksi sürücüsü Kənan Abdullayev cəlb edilib. İlkin olaraq, ona Azərbaycan CM-in 263.1-ci maddəsi (yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıq səbəbindən zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmasına səbəb olduqda) üzrə ittiham irəli sürülüb, ancaq indi onu 263.1-1-ci maddə ilə ittiham edirlər. Bu, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasını nəzərdə tutur. Birinci maddə üzrə maksimum cəza iki ilədək, ikinci maddə üzrə üç ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.